Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizin turizm imkanlarının hədəf bazarlarda və digər ölkələrdə virtual formatda tanıdılması fəaliyyəti onlayn vebinarlar və görüşlər vasitəsilə davam etdirilir.

Dövlət Turizm Agentliyindən bildirilib ki, iyul ayı ərzində bu fəaliyyət çərçivəsində xarici bazarlardakı turizm tərəfdaşları ilə 9 vebinar, 68 onlayn görüş keçirilib.

Yaxın Şərq ölkələri, Hindistan, Çin, Rusiya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, İsrail, Almaniya və Ukraynadan olan turoperatorlar və turizm şirkətləri ilə onlayn görüşlərdə pandemiyadan sonrakı dövrdə turizm sənayesindəki dəyişikliklər, dünya turizminin yeni inkişaf trendləri mövsuzunda müzakirələr aparılıb.

Avropa, Yaxın Şərq ölkələri, MDB ölkələri, Cənubi Asiya kimi regionlardan olan 50-dən çox ölkədən 1212 nəfər Azərbaycan haqqında “E-öyrənmə” onlayn təlim platformasından (elearning.tourismboard.az) istifadə ediblər. Onlar bir neçə moduldan ibarət olan təlimlərdə iştirak edərək “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıblar.

Bundan əlavə, hədəf bazarları təmsil edən ölkələrin 55-dən çox turizm nümayəndəsi üçün onlayn formada 2 tanışlıq səfəri təşkil olunub.

Ümumilikdə isə may, iyun və iyul ayları ərzində xarici bazarlardakı turizm tərəfdaşları ilə 56 vebinar, 176 onlayn görüş keçirilib və bu görüşlərə 2000-dən çox iştirakçı qatılıb.