Dörd yüz il sonra Azərbaycan dilində nəşr olunub

Məşhur italyan səyyah və ədib Pietro della Vallenin 1620-ci ildə qələmə aldığı “Türk dilinin qrammatikası” əsəri Azərbaycan dilində geniş şərhlərlə çap olunub. Bu, türkologiya, Azərbaycan dilçiliyi və dünya şərqşünaslığı baxımından xüsusi önəm daşıyan əsərdir. Eyni zamanda Azərbaycan dilinin ilk orijinal qrammatikalarından sayılan kitabı dilimizə professor İdris Abbasov və filologiya üzrə fəlsəfə doktoru Günel Bayramova çeviriblər.

Əməkdar elm xadimi, akademik Nizami Cəfərov kitab haqqında qeydlərini bölüşüb.

Akademik qeyd edir ki, İdris Abbasov və Günel Bayramovanın “Pietro della Vallenin “Türk dilinin qrammatikası”nın (Azərbaycan dilinin orijinal qrammatikası) tərcümə, tədqiq və şərhi” kitabı Azərbaycan dilçiliyində tərcümə, tədqiq və şərhin sintezindən ibarət ikinci böyük əsərdir. Xatırlatmaq yerinə düşər ki, İdris Abbasov Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiq və şərhi” monoqrafiyası üzərində işləyərkən ondan əvvəl türk-Azərbaycan dilinə dair yazılmış qrammatika əsərlərindən bəhs edib, tədqiqatın gedişində bu mövzuda kitablar yazmış F.Arcenti (1533), P.Ferraquto (1611), G.Miqiza (1612), eləcə də Pietro della Valle (1620) və digər Qərb dilçilərinin adlarını sadalayıb, onların bəzilərinin qrammatika kitablarının özəlliyi haqqında müxtəsər məlumatlar verib.

Avropaya türk dilinin gəlişi türklərin Balkan yarımadasında yerləşməsi, Osmanlı imperiyasının qurulması və onun Qərbin ən yaxın sərhədlərinə qədər kök salması mərhələsinə təsadüf edir. Avropa türk dilinin hegemon olduğu yeni bir reallıqla hesablaşmaq məcburiyyətində qalırdı. Əlbəttə, ilkin mərhələdə bu prosesin kütləvi şəkildə baş verdiyini demək olmaz. Çünki hələ səlcuqlardan başlayaraq Yaxın Şərqə doğru irəliləyən türk tayfaları (bunların içərisində oğuz qrupuna aid olan salurlar, bayatlar, bayandırlar, qaramanlar və s. var idi) özləri də müxtəlif ləhcələrdə danışırdı. Şərqşünas, türkoloq Aleksandr Samoyloviç qeyd edirdi ki, günümüzə gəlib çatan türk ədəbi dilinə aid əsərləri XIII-XIV yüzilliklərə aid etmək olar. Öz mənafeyi naminə Osmanlıya xüsusi “diqqət” göstərən, Aralıq və Qara dəniz hövzəsində özünəməxsus mövqeyə malik Venesiya Respublikası bir-birinin ardınca öz elçilərini Şərqə göndərirdi. Bu baxımdan Ağqoyunlu dövləti və onun hökmdarı Uzun Həsənin sarayına, Konstantinopola – “Top Qapı”ya göndərilən Venesiya elçilərinin əlyazmalarında türk-Azərbaycan, ərəb-fars mənşəli ifadələrin əks olunması maraq doğurur.

Akademik diqqətə çatdırır ki, Avropada türk-Azərbaycan dilinin ilk qrammatikasını yazan şəxs messinalı italyan keşişi Pietro Ferraquto olub. Onun “Grammatica Turchesca” əsəri bu mövzuda Qərbdə nəşr olunan ilk kitab sayıla bilər. Lakin o əsər dünya miqyasında ilk deyil. Çünki hələ XIII-XIV əsrlərdə qıpçaq türkcəsində sözlük qrammatikalar yazılıb. İtalyan P.Ferraqutonun kitabı Qərbdə Şərq dilləri qrammatikasına aid yazılan kitabların beşincisidir. Şərq dillərinə dair yazılan ilk dörd kitab bunlardır: 1505-ci ildə ərəb dilinin Əndəlus ləhcəsi, 1506-cı ildə ibranicə, 1548-ci ildə qədim həbəşcə, 1554-cü ildə siryanicə. Xorvat əsilli Batolemeo Georgiyeviç adında bir macəraçı Qanuni Süleyman zamanında 1526-cı ildə Mohaç savaşında əsir götürülmüş, 13 il Anadolu və Suriyada qaldıqdan sonra öz yurduna qayıdaraq 1522-ci ildə türklərin adət və ənənələri haqqında latınca kitab yazmışdır.

XVI-XVII əsr İtaliyasında yaşamış Pietro della Valle dövrünün məşhur səyyahı, Şərq ölkələri üzrə ekspert, hüquqşünas, musiqiçi, ədib olmuş, müxtəlif elm sahələrindən baş çıxarmışdır. Bundan əlavə, o, latın, yunan, ispan, fars, ərəb, qibti, gürcü və s. dilləri, səthi də olsa, bilmiş, müxtəlif ekspedisiyalarda iştirak etmişdir. Valle dövründə elə şöhrət qazanmışdır ki, Roma Papası VIII Urban dini məsələlərdə ondan məsləhətlər alırdı. Ədibin müxtəlif mədəniyyətlərə yanaşması çox vaxt linqvistik müstəvidə ortaya çıxır. Bir xalqı tanımaq, təhlil etmək üçün Valle ilk növbədə bu xalqın dilindəki sözlərin etimologiyasını, onların tələffüz xüsusiyyətlərini, insanların kommunikativ bacarıqlarını öyrənməyi arzu edir və bunu mühüm şərt kimi irəli sürürdü.

“Türk dilinin qrammatikası” isə Pietro della Vallenin çoxcəhətli yaradıcılığında nəşr olunmamış bir əsər kimi tarixin arxivində qalmışdır. Onu XX əsrin birinci yarısında italyan şərqşünas Ettori Rossi elm ictimaiyyətinə tanıtsa da, əlyazmanın çapına təşəbbüs etməyib. “E.Rossiyə elə gəlirdi ki, əsərin məzmunu və strukturu lazımınca işlənməyib, yaxud Konstantinopol türkcəsi və Persiyada danışılan türk dili ilə fərqliliklərə az diqqət yetirilib və nümunələr azdır. Fikrimizcə, kitab tarixi baxımdan dərin məzmuna və struktura malik olub həmin dövrdə türk dilinə dair qələmə alınan əsərlərlə müqayisədə təkmildir, burada praktiki nümunələrlə yanaşı, nəzəri müddəalar da mövcuddur”, – deyə akademik N.Cəfərov qeyd edir.

Bəzi Avropa şərqşünasları Səfəvi imperatorluğunda üstün mövqeyə malik Azərbaycan dilinin öyrənilməsi üçün Vallenin “Türk dilinin qrammatikası” kitabına ehtiyac olduğunu bildirirlər. Orta əsr Qafqaz ərazilərində və xüsusən Azərbaycan ərazisində mövcud olan bu dil formasının öyrənilməsi baxımından Vallenin “Qrammatika” əsəri əvəzsiz mənbədir.

Təqribən bir il ərzində İstanbulda qalaraq türk dilini öyrənməyə başlayan Pietro della Valle bir neçə il sonra həmin dilin qrammatikasını qələmə almağa başlayır. O, “Türk dilinin qrammatikası” əsərini 1620-ci il sentyabrın 8-də İsfahanda yazıb başa çatdırıb. Della Vallenin səyahət etdiyi yerlərdə rastlaşdığı müxtəlif dünya dillərinə dair mülahizələri, xüsusən yazdığı “Türk dilinin qrammatikası” əsəri ədibin dilçilik görüşlərini səciyyələndirir.

Araşdırmalar nəticəsində məlum olur ki, Pietro della Vallenin qələmə aldığı “Türk dilinin qrammatikası” əsəri Səfəvilər dövlətində, ələlxüsus, orduda xüsusi imtiyaza malik yerli türk mənşəli qızılbaşların danışdığı dilin qrammatikasıdır. Valle qeyd edirdi ki, sarayda və daha savadlılar arasında məhz bu dildə danışılırdı.

Monoqrafiyada təsbit olunur ki, o dövrdə dilçilik baxımından şərqşünaslıq araşdırmalarının əsasında yəhudi və ərəb dili qrammatikalarının yazılması dayanırdı. Türk-Azərbaycan dilinə dair qrammatikalar ərəb və latın dillərinin qrammatik modellərinə əsaslanırdı. Tərcümə, tədqiq və şərhdə Valleyə istinad olunaraq türk-Azərbaycan dilinə dair qrammatika kitablarının yazılması üçün ərəb dilini bilməyin önəmi dəfələrlə vurğulanıb, hətta fonetikanın ərəb dili qrammatikası ilə sıx bağlı olduğu əyani surətdə göstərilib. Pietro della Valleyə qədər, ayrıca qeyd etdiyimiz kimi, türk-Azərbaycan dilinin qrammatikasına dair xeyli əsərlər qələmə alınıb və həmin əsərlər barəsində monoqrafiyada bəhs olunub.

N.Cəfərov diqqətə çatdırır ki, Della Vallenin XVII əsrin əvvəllərində italyan xalq danışıq dilində yazdığı əlyazmanın spesifik üslubu, oxunmasındakı çətinliklər tədqiqatçıları bu işdən çəkindirməyib və onlar bu işin öhdəsindən layiqincə gəlməyi bacarıblar. Monoqrafiya türk dillərinin morfoloji modifikasiyalarını öyrənmək baxımdan da önəm daşıyır. Əlyazmada bəhs olunan feil növləri, şəkilləri, müxtəlif konstruksiyalar və s. tədqiqatçı-alimlər tərəfindən nəzəri və müqayisəli dilçilik baxımından araşdırılır, müəyyən qənaətlərə gəlinir. Valle türk və Azərbaycan dilləri arasındakı fərqlilikləri ortaya qoyur. Müqayisədə üstünlüyü ikinciyə verir.

O, bəzi tarixi-linqvistik məqamlara toxunaraq çox vaxt Azərbaycan dilinin tələffüz formasına öz şəxsi rəğbətini ifadə etmişdir. Müəllif yazır ki, türk dilində istər isim, istərsə də sifət formasında sonu [vav] ilə bitən sözlərə çox rast gəlinir. Valleyə görə, “Şərq türklərindən hesab olunan tatarlar, skiflər və fəth etdikləri Persiya imperiyasına aid ərazilərin ordusunda xidmət edən, uzun illərdən bəri bu ərazilərdə yaşayan və bu gün Qızılbaşlar adlanan türklər antik dövrdən sözlərin şəkli xüsusiyyətini saxlayaraq yazıldığı kimi oxuyurlar. Lakin Konstantinopol və Aralıq dənizi sahillərində yaşayan Qərb türkləri hesab edirlər ki, bir çox cəhətdən onlar öz dillərini yeniləmiş və gözəlləşdirmişdirlər”. Lakin Valle Şərq türklərinin (azərbaycanlıların) tələffüz formasını daha təbii və orijinal sayır.

İstər Andre dü Ryenin 1633-cü ildə Parisdə latın dilində çap olunmuş “Rudimenta Grammatices Lingua Turcica” (Türk dili qrammatikasının əsasları) kitabçası, istərsə də Don Françesko Maria Maccionun 1643-cü ildə geniş və izahlı şəkildə latın dilində nəşr etdirdiyi türk dilinin qrammatikasına dair kitabı yüksək qiymətləndirən Vallenin qələmə aldığı “Qrammatika” əsəri bir çox cəhətləri ilə hər iki müəllifin əsərindən üstündür.

Vallenin əsərinin strukturuna gəlincə, o, yeddi kitabdan ibarətdir. “Müdrik oxucular” üçün türk dilinin faydalılığı haqda giriş hissədən sonra birinci kitab gəlir. Bu hissə hərflər, oxu qaydaları, üç əsas dilin əlifbası, məna, transliterasiya və tələffüzünə həsr olunub.

İkinci kitab qısa paraqraflardan ibarət nitq hissələri, adlar, cins, say və hallardan bəhs edir. Daha sonra adların və sifətlərin səs sonluğuna görə hallanma fərqləri verilir. Ayrıca bir başlıq müqayisə və üstünlük dərəcələrinə həsr olunub. Bu bölmədə tədqiqatçılar modistlərin nitq hissələri təlimindən ətraflı bəhs edərək bu barədə müəyyən təsəvvür yarada bilmişlər. Çünki Vallenin nitq hissələri bölgüsü müasir dilçilik baxımından bir qədər fərqlidir. Burada ədədlərə və saylara daha çox diqqət yetirilib, ərəb və yəhudi əlifbasından istifadə etməklə sayların ifadəsi, yəhudi numerologiyası qeyd edilib. Bu hissədə astrologiyaya aid çoxlu məlumatlar, ezoterik rəqəmlər və tarixlər haqqında məlumatlar var.

Üçüncü kitab şəxs, işarə, yiyəlik əvəzlikləri və nisbi əvəzliklərdən bəhs edir. Valle əvvəlcə sadə və mürəkkəb əvəzliklərin üzərində dayanır. O, sadə dedikdə mən, sən, biz, siz və s., düzəltmə dedikdə mənim, sənin, bizim, sizin və s. kimi əvəzlikləri nəzərdə tutur. İşarə əvəzliklərinə və nisbi əvəzliklərə sadə əvəzliyin bir növü kimi baxır, yiyəlik əvəzliklərini (mənim, sənin, onun və s.) isə düzəltmə əvəzliklərə aid edir. Tədqiqatçı-alimlər Vallenin türk dilindəki yiyəlik əvəzliyinin adi hallanma qaydasına müvafiq dəyişməsi fikrini irəli sürməsini haqlı olaraq orijinal hesab edirlər.

Dördüncü kitabda feillərdən danışılır. Feillər sadə və ya mürəkkəbliyindən asılı olmayaraq, ya primitiv, ya da düzəltmə olurlar. Sadə primitiv feillər bir sadə sözdən ibarət olub bir təsdiq hərəkəti bildirir. Bu feillər ya aktiv, ya da neytral olur.

Beşinci kitab “Sadə derivativ feillər” adı altında feillərdən bəhs edir. Burada sadə primitiv feillər, sadə derivativ feillər, mürəkkəb primitiv feillər, mürəkkəb derivativ feillər kimi maraqlı qrammatik hadisələrin şahidi oluruq.

Altıncı kitab zərflər, sözönülər, nidalar, bağlayıcılardan bəhs edir. Zərflərdən sonra sözönülər başlığı gəlir. Sonra nidalar, bağlayıcılar gəlir. Bu hissədən başlayaraq Valle daha çox türk dilinin nidalarla zəngin olmasına diqqət yetirir.

Yeddinci və axırıncı kitab “Konstruksiyalar haqqında” adlanır, söz birləşməsi və cümlə quruluşuna həsr edilib. Della Valle burada ad və əvəzlik, feil, feili sifət, zərf, nida və bağlayıcı kimi qrammatik kateqoriyaların hər birinə aid müəyyən sayda “qaydalar” təqdim edərək sintaksislə bağlı müəyyən izahlar verir.

Akademik bildirir ki, monoqrafiyada tədqiq və şərh prosesində Vallenin sadaladığı dil faktlarına nəzəri və müqayisəli dilçilik müstəvisində yanaşma tərzi sonadək davam etdirilir. İstər fonetika və morfologiya, istərsə də sintaksis bölmələrinə verilən şərhlər müasir Azərbaycan dilinin tarixi-müqayisəli aspektdə araşdırılması üçün mühüm dəlillər ortaya qoyur.

N.Cəfərov qeydlərinin sonunda bir daha vurğulayır ki, “Pietro della Vallenin “Türk dilinin qrammatikası”nın (Azərbaycan dilinin orijinal qrammatikası) tərcümə, tədqiq və şərhi” kitabı türkologiya, Azərbaycan dilçiliyi, dünya şərqşünaslığı və ümumi dilçilik baxımından önəm daşıyır: “Oxuculara təqdim olunan kitab türk-Azərbaycan dili tarixi mütəxəssisləri, şərqşünaslar, dilçi-filoloqlar, dil nəzəriyyəçiləri, türkoloqlar, hətta romanşünaslar üçün qiymətli mənbədir. Bu mənbədən ən müxtəlif profilli dilçi-tədqiqatçılar, tarixçilər və etnoqraflar faydalana bilərlər. Ana dilimizin orijinal qrammatikasına dair yazılmış bu nadir əlyazma tarixin arxivində az qala yaddan çıxacaqdı. Dörd yüz il sonra yenidən canlandırılan bu əsər Azərbaycan dilinin tarixən beynəlxalq ünsiyyət vasitəsi olması faktını bir daha sübut edir. Biz də, öz növbəmizdə, milli-mədəni sərvətimizin tərkib hissəsi olan bu tarixi mənbəni yüksək səviyyədə araşdırıb elm ictimaiyyətinin istifadəsinə təqdim edən tədqiqatçı-alimlərə təşəkkürümüzü bildirir, onlara bol nailiyyətlər arzulayırıq”.