Beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək

2020-ci ilin noyabr ayında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70 illik yubileyi münasibətilə “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək.

İnstitutdan bildirilib ki, konfransda arxivşünaslıq, dokumentalistika, dilçilik, əlyazma abidələrinin mühafizəsi, konservasiya və restavrasiya olunması, əlyazmaşünaslıq/paleoqrafiya, fəlsəfə, kitabşünaslıq, mənbəşünaslıq, mətnşünaslıq, tarixşünaslıq bölmələri üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur.

Konfrans iştirakçıları Azərbaycan, türk, ingilis və rus dillərində məruzə edə bilər. Məruzə tezislərinin toplu halında nəşri nəzərdə tutulur. Tezislərin son təqdim olunma tarixi oktyabrın 20-sidir.

Əsas mətndən sonra 1 sətir buraxılmaqla istifadə olunmuş ədəbiyyat siyahısı, bir sətir sonra isə ingilis dilində xülasə (mətn ingilis dilində olduqda azərbaycanca, mətn rus dilində olduqda isə azərbaycanca və ingiliscə xülasə) verilməlidir. Tezisin mətni xülasə də daxil olmaqla 5000 işarədən və ya 2 səhifədən artıq olmamalıdır.

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

Maraqlananlar ətraflı məlumatı (+994 12) 492 63 33, (+994 12) 437 21 52 əlaqə nömrəsi, konfrans.elyazma@mail.ru elektron poçt ünvanından və www.manuscript.az saytından əldə edə bilərlər.