Kolumbiya səfiri ölkəsinin Milli Günü münasibətilə Azərbaycan xalqına müraciət edib

Hər il 20 iyul tarixində Kolumbiya Respublikası özünün Milli Gününü qeyd edir. Bu il pandemiya ilə əlaqədar bayram tədbirini keçirmək mümkün olmayıb. Kolumbiyanın ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas Milli Gün münasibətilə Azərbaycan xalqına və hökumətinə salamlarını internet vasitəsilə çatdırıb.

Səfir müraciətində 1810-cu ilin 20 iyulunda başlayan və 9 il sonra Boyaka döyüşü ilə ölkəsinin azadlığının əbədi olaraq möhürləndiyi bu mötəbər tarixlə bağlı Azərbaycan xalqını salamlamaqdan böyük şərəf duyduğunu bildirir.

“Məhz bu gün bizə bu azadlığı qazandıran və özlərini qurban verərək böyük və suveren bir dövlətin əsaslarını yaradan qəhrəmanlarımızı yad edirik. Həmin o qəhrəmanlıq şücaətlərindən düz iki əsr keçir. O ikiəsrlik əmək və səylər bizlərə bu gün gələcəyə daha nikbin baxmağa şərait yaradır”, – deyə müraciətdə vurğulanır.

Kolumbiya ilə dost Azərbaycan arasında mükəmməl siyasi dialoqla yanaşı, ticarət, mədəni, təhsil və digər sahələrdə getdikcə dərinləşən münasibətlərdən bəhs edən diplomat Kolumbiyanın Azərbaycandakı ilk səfiri olaraq bu əlaqələrin bundan sonra da möhkəmlənməsinə qətiyyətlə sadiq olduğunu bildirir: “Builki milli yubileyimizi fiziki olaraq həyata keçirə bilməsək də, əminəm ki, çətinliklərdə daha çox qüvvə ilə ortaya çıxan həmrəylik ruhu ilə qardaş xalqlar olaraq daha güclü və möhkəm şəkildə bu vəziyyətdən çıxmağa nail olacağıq”.  

Səfir müraciətində Kolumbiya Prezidenti İvan Duke və Xarici İşlər naziri Klaudia Blumun Azərbaycan xalqının tərəqqisi və rifahı, həmçinin ölkələrimizi bir-birinə daha da yaxınlaşdıran əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair ən xoş arzularını da diqqətə çatdırır.