Beynəlxalq fotomüsabiqə elan edilib

Birləşmiş Millətlər Təşkilatının Avropa ölkələri üçün İqtisadi Komissiyası (UNECE) pandemiya və sosial təcrid şəraitində təbiət təsvirini əks etdirən fotoşəkillər üzrə müsabiqə keçirir.

Müsabiqəyə göndərilən şəkillər qurumun internet qalereyasında nümayiş olunacaq. Ən yaxşı 13 fotoşəkil UNECE-nin 2021-ci il təqvimində əks olunacaq, həmçinin gələn ilin payızında BMT-nin Cenevrə bölməsindəki Millətlər Sarayında təşkil ediləcək sərgidə nümayiş olunacaq.

Müsabiqə hər kəs üçün açıqdır. Hər iştirakçı maksimum 3 fotoşəkil təqdim edə bilər. Təqdim edilən bütün fotoşəkillər JPEG formatda olmalıdır.

Müraciətlərə UNECE-nin Meşələr və Meşə Sənayesi və Ətraf Mühit Siyasəti komitələrinin büro üzvləri, eləcə də təbiət fotoqraflarından ibarət münsiflər baxacaq. Seçim meyarlarına texniki keyfiyyət, vizual təsir və fotoşəklin orijinallığı daxildir. Qalib fotolardan başqa, qəbul meyarlarına cavab verən bütün digər diqqətəlayiq fotoşəkillər təşkilatçıların veb-saytları və ya sosial media hesabları vasitəsilə paylaşılacaq.

Ətraflı məlumat əldə etmək və yarışmaya qatılmaq üçün natureunlocked.unece.org saytına daxil olmaq lazımdır.