“Dünyasını dəyişənə qədər rəssamın fırçası əlində olmalıdır” deyir 93 yaşlı həmsöhbətim. Özünü şanslı sənətkar hesab etsə də, qazandığı nailiyyətləri həm də sənətdə prinsipiallığı ilə əlaqələndirir. Azərbaycanın Əməkdar rəssamı, 1995-ci ildən Türkiyədə yaşayıb-yaradan, Kayseri şəhərindəki Ərciyəs Universitetinin müəllimi olan Rəhim Məmmədovun özünəməxsus üslublu, fəlsəfi anlamlı əsərləri düşündürücü və maarifləndiricidir.

 

– Ənənəvi sualdan başlayaq. Necə oldu ki, bu peşəni seçdiniz? Ailədə, yaxınlarınız arasında rəssam olubmu?

– Ailəmizdə mənə qədər rəssam olmayıb. Amma anam toxuma işini bacarar və çox sevərdi. Bəlkə də anamın toxuyarkən atdığı rəngli ilmələr məni rəssamlığa yönləndirib. Sənətə gedən yolum öncə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbindən başlayıb. Daha sonra təhsilimi Moskva və Sankt-Peterburqda Rəssamlıq akademiyalarında davam etdirmişəm. Monumental rəssamlıq ixtisası üzrə məzun oldum. 1958-ci ildə Bakıya qayıtdım və Azərbaycan Rəssamlar İttifaqına üzv oldum. Sonra məni Sumqayıt şəhərinə baş rəssam təyin etdilər. 1961-ci ildə Azərbaycanın tanınmış rəssamı Mikayıl Abdullayevlə görüşdük,  mənə dedi ki, sənin yerin İncəsənət İnstitutudur (indiki Mədəniyyət və İncəsənət  Universiteti – red.). Orada işə başladım, bu ali təhsil ocağında kafedra müdiri işlədim, dosent oldum.

 

– Yaradıcılığınızda hansı janra üstünlük verirsiniz?

– Divar rəsmləri, qrafika, rəngkarlığın müxtəlif janrlarında çəkmişəm. Sankt-Peterburq Rəssamlıq Akademiyasında divar rəsmi ixtisası vardı. Mən o ixtisası seçdim və sonra da daha çox bu sahəyə bağlandım. Bakıda Musiqili Komediya Teatrı üçün mozaika texnikası ilə çəkdiyim diplom işimə görə Beynəlxalq universitet tələbələrinin sərgisində xüsusi qabiliyyət mükafatına layiq görüldüm.

Bakıya döndükdən sonra ilk mozaik divar rəsmim “Ceyran” kafesinin girişi üzərində yer aldı. Sonradan o kafeni sökdülər. “Rəqqas qız”, “Əlində dəf tutan gənc qız” adlı mozaika işlərim Moskvada sərgiləndi. Rəssam Tofiq Ağababayev ilə birlikdə Azərbaycan Dövlət Sirkinin böyük divarı üçün “Azərbaycan sirki” mozaik lövhəsini yaratdıq. Sözügedən əsərdə xalı-kilim rəsmlərindən ilham alıb onları stilizə etdim. Bu əsər Azərbaycan SSR Nazirlər Şurası tərəfindən ilin Milli rəsm sərgi-müsabiqəsi çərçivəsində xüsusi mükafata layiq görüldü. Sovet İttifaqı və İranın ortaq layihəsi olan “Araz” su bəndində yer alan, mozaik və metal qarışığı texnikası ilə hazırlanan əsərim digərlərindən fərqlidir.  Bakıda “Neftçi” futbol komandasının  bazasında lövhə üzərinə də mozaika çəkmişdim. Onu da deyim ki, divar rəsmi böyük həcmli iş olduğu üçün kollektiv əmək tələb edir. Mən əsasən rəssam Tofiq Ağababayevlə işləmişəm.

 

– Şuşa ilə bağlı rəsmlər də çəkmisiniz…

– Şuşanın yaradıcılığımda xüsusi yeri var. Bacım 1960-cı illərdə Şuşada həkim işləyirdi. Ona baş çəkməyə gedərdim, Şuşanın mənzərələri məni valeh edirdi. Çoxlu etüdlərim olub Şuşadan. Hazırda o işlərdən əlimdə iki rəsm qalıb: “Cıdır düzü” və digər bir mənzərə rəsmi.

 

– Hər bir yaradıcı insan kimi, rəssamı da ilhamlandıran səbəb olur və nəticədə bir əsər doğulur. Bu mənada  Sizə ən çox ilham verən, təsir edən nədir?

– Tamamilə doğrudur. Yazmaq üçün də, çəkmək üçün də bir səbəb, ilham mənbəyi olmalıdır. Rəssam var özünü portretlə, rəssam var mənzərə ilə, təbiətlə, siyasi və ya sosial mövzulu əsərlərlə ifadə edir. Bu həm də rəssamın ovqatı, hadisələrə baxışı və dünyagörüşündən asılıdır. Bir hadisəyə hər rəssam öz prizmasından fərqli baxıb, fərqli görüb, fərqli ifadə edə bilir. Elə fakt ola bilər ki, o illərlə rəssamın iç dünyasında qalar və sonra yaradıcılığa çevrilər.  Məsələn, mən anamın rəsmini çəkərkən uşaq vaxtından onda müşahidə etdiklərimi də çəkdim: o sevdiyi bir işi gördüyü üçün toxuyanda çox xoşbəxt görünərdi, bununla yanaşı məmnuniyyətinə düşüncəli bir ana qayğısı da qatılar və qarşımda məni heyran edən bir mənzərə açılardı. Mən bunu ifadə etməyə çalışdım. Rəssamı hansı fakt təsirləndirirsə, onu çəkmək istəyir.

Bir fakt da deyim. Biz sənətinə və insanlığına böyük dəyər verdiyim rəssam Səttar Bəhlulzadənin emalatxanasına yaxın yerdə yaşayırdıq. Onun danışarkən emosional olmasını hər zaman diqqətlə müşahidə edirdim. Və bir gün onun bu məqamını eskizə köçürdüm, sonra yağlı boya ilə işlədim, rəsmi görəndə çox bəyənmişdi. Yəni bir rəssam kimi məni bəzən çoxlarının əhəmiyyət vermədiyi hadisələr də təsirləndirir. Hətta ailə, məişət mövzusu belə mənim predmetim ola bilir.

 

– Kayseridə həm müəllim, həm də rəssam kimi fəaliyyətinizi davam etdirirsiniz.  Bu yaşda Sizin üçün çətin deyilmi?

– Mənim Kayseriyə gəlmə səbəbim rəssam Qorxmaz Sücəddinovla bağlıdır. O, məndən öncə Ərciyəs Universitetində çalışırdı. Qorxmaz müəllim yaradıcılığımla bağlı dekanla danışdı, dekan da məktub yazaraq məni dəvət etdi. Universitetə gələndən sonra türk rəssam Oğuz Gülərlə birlikdə burda rəssamlıq bölməsini qurduq. Rəssamlıq qədər müəllimliyi də sevdim. Çəkməklə yanaşı, çəkməyi öyrətməyin də başqa bir zövqü var mənim üçün. Müəllimlik də həyatımın bir hissəsinə çevrilib.  Türkiyədə tez-tez sərgilərimiz olur. Son dəfə İzmirdə oldu. Kayseridə Gövhər Nəsibə adına xəstəxananın girişində və muzeyində rəsm əsərləri işlədim. Portretlərin çəkilməsi ilə bağlı sifarişlərim də olur.

Hər tətil vaxtı Azərbaycana gedib rəssam dostlarımla görüşürdüm. Türkiyədə qəribçilik çəkməmişəm. Mənə öz vətənim kimidir, dilimiz, dinimiz, adət-ənənələrimiz eynidir. Türkiyədə çox sayda azərbaycanlı rəssam yaşayır. Qardaş ölkədə bizə, sənətimizə böyük dəyər verirlər. Ötən il çalışdığım Ərciyəs Universitetinin dosenti, tanınmış Azərbaycan musiqişünas-alimi Müzəffər Əsgərov rəhmətə getdi, ali təhsil ocağının rəhbərliyi onun adını universitetin böyük bir İncəsənət salonuna verdi. Müzəffər müəllimin İncəsənət fakültəsinin qurulmasında və fəaliyyətində böyük zəhməti olmuşdu. Təbii ki, qardaş ölkədə ziyalılarımıza həm sağlığında, həm də vəfatından sonra verilən dəyər bizi sevindirir.

Yaşa gəlincə, 7 ildən sonra 100 yaşım olacaq (gülür və həyat yoldaşı Süphiyyə xanıma baxaraq deyir) Mənə həyat verən sənətimə heyranlığımla yanaşı, Süphiyyə xanımın qayğıkeşliyidir.

 

– Allah ayırmasın. Ailədə davamçılarınız varmı?

– Mən özümü həm də şanslı ailə başçısı sayıram. Oğlum da, qızım da rəssamlıq yolunu seçdi. Oğlum Ərciyəs Universitetində çalışır, emalatxanası var. Süphiyyə xanımın da yaradıcılığa, sənətə həmişə marağı olub. Amma o, valideynlərinin arzusunu yerinə yetirib və bu peşənin ardınca getməyib. Buna baxmayaraq o da bizimlə bərabər çəkir, gözəl rəsmləri var. Taxta üzərində sənətkarlıq, toxumaq da onun marağındadır. Baxın, bu kiçik sandıq da, bu hörmə də onun əl işləridir. Onun dayısı Əmir Hacıyev və dayısı oğlu Altay Hacıyev də böyük rəssam olublar. Altayla bir yerdə təhsil almışıq, ortaq divar rəsmləri çəkmişik. Bu yaşda da sənətimə vurğunluğum, sənətdə yolumu davam etdirən övladlarım və qayğıkeş ömür-gün yoldaşım mənə yaradıcılıq eşqi verir.

Mehparə SULTANOVA
Ankara