Tanınmış koreyalı türkoloq Eunkyung Ohun “XX yüz il Türkiyə və Koreya ədəbiyyatında qadın” adlı monoqrafiyası Azərbaycan dilində nəşr olunub. “Nurlar” nəşriyyatında nəfis şəkildə nəşr olunan monoqrafiyada XX yüz il Türkiyə və Koreya romanlarında qadın problemi müqayisəli ədəbiyyat kontekstində təhlil obyektinə çevrilib.

Kitabı Azərbaycan dilinə gənc ədəbiyyatşünas Aygün Ali çevirib. Monoqrafiyanın elmi redaktoru və ön sözün müəllifi Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlıdır.

Eunkyung Oh Seuldakı Donkduk Qadınlar Universitetinin professoru, Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, UNESCO-nun Orta Asiya ölkələri üzrə təmsilçisi, Özbəkistan Elmlər Akademiyasının üzvü, Koreya Prezidentinin müşaviridir.

Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olan müəllifin nəşr olunmuş elmi araşdırmaları içərisində “Türk ədəbiyyatında Koreya savaşı” (türkcə), “XX yüz il Türkiyə və Koreya ədəbiyyatında qadın” (türkcə), “Psixo-analitik baxımdan islamda qadın kimi yaşamaq” (Koreya dilində), “Türkiyə və Koreya qəhrəmanlıq dastanlarının müqayisəli təhlili: “Alpamış” və “Jumong” (özbəkcə və rusca) kitabları xüsusi yer tutur.

O həmçinin Yaşar Kamalın “İlanı öldürsələr”, “Ağrı dağı əfsanəsi”, “Minboğalar əfsanəsi”, “İncə Məmməd”, Murad Tuncelin “İnanna” romanlarını, Bəxtiyar Vahabzadənin şeir və poemalardan ibarət “Gülüstan” adlı kitabını Koreya dilinə çevirib.

“XX yüz il Türkiyə və Koreya ədəbiyyatında qadın” monoqrafiyası müəllifin Azərbaycanda nəşr olunan ilk kitabıdır. İlk dəfə 2005-ci ildə Ankarada nəşr edilən monoqrafiyada feminist səpkidə aparılan təhlillər iki ölkənin bədii nəsr – roman örnəkləri fonunda gerçəkləşib. Araşdırıcı Xalidə Ədib Adıvar, Rəşad Nuri Güntəkin, Orxan Kamal, Yaşar Kamal, Ədalət Ağaoğlu, Ayla Kutlu, Əminə İsinsu kimi Türkiyə nasirlərinin əsərlərinə müraciət edib. Eyni zamanda XX əsr Koreya nəsrinin İncik Yi, Gvangsu Yi, Kyungri Par, Hun Şhim, Seokyung Kang, Vanu Kim, Jiyong Gong kimi bir sıra görkəmli nümayəndələrin romanları müqayisəli təhlilə cəlb olunub.

Tədqiqatçı Türkiyə və Koreyada qadınların təhsili, hüquqları, ailə inkişafı ilə bağlı dövlət qanunlarına diqqət yetirib, onların məzmunu və mahiyyəti haqqında bilgi verib və bu yöndə də müqayisələr aparıb. Romanlarda yaranan qadın obrazlarının dəyərləndirilməsində ölkədə qadınlara yönəlik fəaliyyətin bədii mətnə yansımasını səciyyələndirib.

Əsərin Azərbaycan türkcəsində nəşr edilməsinin səbəbi, ilk növbədə, bu sahədə araşdırmalara ciddi ehtiyacın olmasından qaynaqlanır. Monoqrafiyada qaldırılan problemlər Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı ortaq özəlliklərə də malikdir.