Azərbaycan

17 avqust 1933 – Ədəbiyyatşünas alim, professor Şamil Məmməd oğlu Salmanov (1933-2006) anadan olub.

17 avqust 1942 – Dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev (1942 – 25.10.2008) Bakıda doğulub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Beynəlxalq müsabiqələrin qalibi, Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. “Nizami” filmində (1982, rejissor Eldar Quliyev) baş rola çəkilib.

17 avqust 1943 – Xalq artisti, müğənni İlhamə Məzahir qızı Quliyeva (1943 – 25.2.2016) anadan olub. Azərbaycan Televiziyası və Radiosu estrada orkestrinin, Dövlət Filarmoniyasının solisti olub.

17 avqust 1958 – Musiqişünas, sənətşünaslıq namizədi Aytəkin Tofiq qızı Həsənova (1958-2012) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri olub.

17 avqust 1998 – Xalq yazıçısı Yusif Səmədoğlu (Yusif Səməd oğlu Vəkilov; 25.12.1935 – 1998) vəfat edib. “Ulduz”, “Azərbaycan” jurnallarının baş redaktoru, Milli Məclisin deputatı olub.

 

18 avqust 1991 – Görkəmli dilçi və ədəbiyyatşünas, şair, tərcüməçi, pedaqoq Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov; 5.5.1905 – 1991) vəfat edib.

 

19 avqust 1901 – Xalq artisti İsmayıl Hüseyn oğlu Hidayətzadə (1901 – 11.11.1951) anadan olub. Opera və Balet Teatrında “Koroğlu”, “Arşın mal alan” tamaşalarını səhnələşdirib. “Qız qalası”, “Almaz” filmlərində çəkilib.

19 avqust 1912 – Xalq şairi Mirvarid Paşa qızı Dilbazi (1912 – 13.7.2001) Qazax rayonunun Musaköy kəndində doğulub. “Məhəbbət”, “Partizan Aliyə”, “Ana ürəyi” poemaları, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli” və s. kitabların müəllifidir. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.

19 avqust 1920 – Əməkdar incəsənət xadimi, musiqişünas Lyudmila Vladimirovna Karagiçeva-Bretanitskaya (1920-2015) anadan olub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dərs deyib. Azərbaycan bəstəkarlarının yaradıcılığına dair tədqiqatların müəllifidir.

 

20 avqust 1901 – Məşhur xanəndə, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901 – 18.3.1979) Şuşada doğulub. Muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” və s. mahnı və təsnifləri bəstələyib.

20 avqust 1912 – Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə; 1912 – 2.8.1984) anadan olub. “Xosrov və Şirin” operası, “Çitra” baleti, “Zaqatala süitası”, “Rast” simfonik muğamının müəllifidir.

20 avqust 1926 – Filosof, şair, tərcüməçi, Əməkdar elm xadimi, akademik Aslan Məhəmməd oğlu Aslanov (1926 – 23.8.1995) Qazax rayonunda anadan olub. Dövlət İncəsənət Universitetinin rektoru olub, “Qızlar və bənövşələr”, “Nəğməli günlərim” və s. şeir kitablarının müəllifidir.

20 avqust 1929 – Azərbaycanda diktorluq məktəbinin banilərindən biri, Əməkdar artist Aydın Çingiz oğlu Qaradağlı (1929 – 28.1.1980) anadan olub. 1946-cı ildən Azərbaycan Radiosunda çalışıb.

20 avqust 1932 – Ədəbiyyatşünas, yazıçı İslam Məmməd oğlu Ağayev (1932 – 27.1.2014) Bakının Bülbülə qəsəbəsində anadan olub.

21 avqust 1930 – Tanınmış ədəbiyyatşünas, akademik, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Bəkir Əhməd oğlu Nəbiyev (1930 – 15.3.2012) Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru işləyib. 

21 avqust 1951 – Əməkdar artist Təvəkkül Əjdər oğlu Əliyev (1951 – 22.1.2017) anadan olub. 1973-cü ildən Lənkəran Dövlət Dram Teatrında fəaliyyət göstərib, filmlərdə çəkilib.

 

22 avqust 1922 – Mədəniyyət xadimi Adelaida İrza qızı Məmmədova (1922 - 25.4.2015) Tiflisdə doğulub. Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün ömür-gün yoldaşı olub, Bülbülün memorial muzeyinin direktoru işləyib.

22 avqust 1978 – Tanınmış rəssam Həsən Əli oğlu Haqverdiyev (1917-1978) vəfat edib. II Dünya müharibəsinin iştirakçısı olub, əsirlik, sonra Sibirdə sürgün həyatı yaşayıb. Rəngkarlıq və qrafika əsərlərinin müəllifidir, teatr tamaşalarına səhnə tərtibatı verib.

 

Dünya

 

17 avqust 1932 – Hind əsilli yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2001)  Vidiadxar Suracprosad Naypol (1932–2018) Trinidad və Tobaqoda anadan olub. Ömrünün böyük hissəsini İngiltərədə yaşayıb.

17 avqust 1935 – Rus teatr və kino aktyoru, rejissor, SSRİ Xalq artisti Oleq Tabakov (1935 – 12.3.2018) anadan olub. Çexov adına Moskva Bədaye Teatrına rəhbərlik edib. 100-dən çox filmdə çəkilib: “Hərb və sülh”, “D’Artanyan və üç muşketyor”, “Baharın on yeddi anı” və s.

 

18 avqust 1850 – Fransız yazıçısı Onore de Balzak (Honore de Balzac; 20.5.1799 – 1850) vəfat edib. “Bəşəri komediya” silsiləsindən əsərləri (“Şaqren dərisi”, “Qorio ata”, “Sezar Biroto”, “İtirilmiş illüziyalar” və s. romanlar) ilə şöhrət qazanıb.

 

19 avqust 1689 – İngilis yazıçısı, sentimentalizmin banilərindən biri Semuel Riçardson (Samuel Richardson; 1689–1761) anadan olub. “Pamela”, “Klarissa”, “Çarlz Qrandison” epistolyar romanlarının müəllifidir.

19 avqust 1909 – Polyak yazıçısı, dissident Yeji Andjeyevski (1909–1983) anadan olub. Əsərləri: “Cənnətin qapıları”, “Qaranlıq yeri örtür”, “Kül və almaz”.

 

20 avqust 1847 – Polyak yazıçısı Boleslav Prus (əsl adı Aleksandr Qlovaski; 1847–1912) anadan olub. “Kukla”, “Firon” və s. romanların müəllifidir.

20 avqust 1901 – İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1959) Salvatore Kvazimodo (1901–1968) anadan olub. “Həyat yuxu deyil”, “Qənirsiz yer” kitablarının müəllifidir.

 

21 avqust 1871 — Rus yazıçısı Leonid Andreyev (1871–1919) anadan olub. Rus ədəbiyyatında ekspressionizmin banisi sayılır. Əsərləri: “İuda İskariot və başqaları” (roman), “Savva”, “Bizim həyatın günləri” (pyes) və s. 

21 avqust 1925 – Fransız kinorejissoru Moris Piala (Maurice Pialat; 1925–2003) anadan olub. Filmləri: “Çılpaq uşaqlıq”, “Lulu”, “Şeytanın günəşi altında” (Kann festivalının qalibi, 1987), “Van Qoq” və s.

 

22 avqust 1862 – Fransız bəstəkarı Klod Debüssi (Achille-Claude Debussy; 1862–1918) anadan olub. Əsərləri: “Pelleas və Melizanda” (opera), “Oyunlar” (balet), “Bahar” (simfonik süita) və s.

22 avqust 1920 – Amerikalı fantast-yazıçı Rey Bredberi (Raymond Douglas Bradbury; 1920–2012) anadan olub. “Mars xronikaları”, “Farenqeytlə 451 dərəcə”, “Fəlakət gəlir” və s. romanların müəllifidir.

Hazırladı:  Vüqar ORXAN