Qahirədən 45 kilometr kənara

Misirin paytaxtı Qahirə şəhəri ilə Qırmızı dənizin arasında – səhrada ölkənin yeni inzibati mərkəzi inşa olunur. Artıq yeni inzibati paytaxt ilə Qahirə arasında metro xəttinin təməli atılıb.

Təqribən 20 milyon əhalisi olan Misir paytaxtının yeni infrastruktur layihəsinin təqdimatında iştirak edən Prezident Əbdülfəttah əl Sisi bildirib ki, yeni inzibati paytaxtın Qahirə ilə nəqliyyat əlaqəsi binaların tikilməsi qədər əhəmiyyətlidir.

Prezident əlavə edib ki, koronavirus pandemiyasına rəğmən yeni inzibati paytaxtın tikintisi davam edir. Onun sözlərinə görə, 24 min binanın 70 faizində tikinti işləri aparılır. Ümumi dəyəri 58 milyard dollar olacaq bu layihənin vaxtında başa çatdırılması üçün podratçı şirkətlər bütün güclərini səfərbər edib.

Qeyd edək ki, yeni inzibati mərkəz Qahirə şəhərindən 45 kilometr məsafədə salınır. Burada Misirin nazirlikləri, maliyyə institutları, habelə xarici ölkələrin səfirlikləri yerləşəcək. Ərazisi 700 kvadrat kilometr olacaq şəhərdə 7 milyondan çox sakinin yaşayacağı bildirilir. Yeni inzibati paytaxtın layihəsində Prezident administrasiyası, parlament və nazirlik binaları ilə yanaşı, təhsil müəssisələri, xəstəxanalar, məscidlər, hotellər, parklar, Qahirə ilə dəmir yolu, yeni beynəlxalq aeroport tikilməsi də nəzərdə tutulub.

CAVİD