10 -18 sentyabr tarixində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə iki ölkənin xalq simli musiqi alətləri üzrə ifaçıların (16-35 yaş) onlayn müsabiqəsi keçiriləcək.

Müsabiqə hər iki ölkənin Milli konservatoriyaları, habelə Özbəkistanın “Soqdiana” Xalq çalğı alətləri ansamblının iştirakı və dəstəyi ilə reallaşdırılır.

Müsabiqənin təşkilində əsas məqsəd milli musiqi alətlərinin təbliği, gənc musiqiçilərin yaradıcılığına dəstək və stimul, onların inkişafı, peşəkar ustalığının, ifaçılıq mədəniyyətinin təkmilləşdirilməsi, yeni istedadlı ifaçıların üzə çıxarılması, ümumilikdə isə xalq musiqisinin təbliği və daha da populyarlaşmasına dəstək görsətməkdir.

Müsabiqə onlayn formatda aşağıdakı nominasiyalar üzrə keçiriləcək: tar-kaşkar rübabı, kamança-gicak və ud musiqi aləti üzrə.

Hər iştirakçı ifa etdiyi simli alətdə milli musiqi səsləndirəcək, lakin eyni zamanda hər iki ölkəyə aid əsər də ifa edə bilər. 

İştirakçıların çıxışı Azərbaycan və Özbəkistanın sənətçi və mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müvafiq nominasiya üzrə qaliblərə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplomları və pul mükafatları təqdim olunacaq.

Müsabiqədə konsert təşkilatları, teatr, radio və televiziya qurumlarında çalışan ifaçılar, musiqi sahəsi üzrə ali məktəblərin və orta ixtisas məktəblərinin tələbələri iştirak edə bilərlər.

Müsabiqəyə Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunan 18 sentyabrda yekun vurulacaq və qaliblərin iştirakı ilə onlayn qala-konsert keçiriləcək.

Qeyd edək ki, müsabiqədə çıxışların video yazısı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Youtube” kanalında yerləşdiriləcək və sosial şəbəkələrdə geniş təbliğ olunacaq.