O, uzun illər çalışdığı teatr səhnəsində bir-birindən maraqlı, yaddaqalan obrazlar yaradıb. “Qəzəlxan”, “Yük”, “Ovsunçu”, “Hökmdarın taleyi” və s. filmlərdəki rolları ilə kino salnaməmizdə də iz qoyub. Çoxsaylı televiziya tamaşalarında da rol alıb.

Tanınmış aktyor Mirzə Ağabəyli ilə 70 yaşın tamamı ərəfəsində həmsöhbət olduq.

Mirzə Qasım oğlu Ağabəyli 1950-ci il avqustun 29-da Bakının Buzovna qəsəbəsində dünyaya göz açıb. 1971-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki ADMİU) daxil olub, 1975-ci ildə SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun rəhbərlik etdiyi Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildə S.Rəhman adına Şəki Dövlət Dram Teatrında təyinatla işə başlayıb. 1977-ci ildən institutun nəzdindəki tədris teatrında çalışıb. 1982-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına daxil olub. 1994-2008-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyət göstərib. 2008-ci ildə yenidən Akademik Milli Dram Teatrına dəvət olunub. 2009-cu ildə “Əməkdar artist” fəxri adına, 2017-ci ildə “Cəfər Cabbarlı mükafatı”na  layiq görülüb.

 

Yaş ötür və insan həyatda nələrisə əldə etməyə çalışır...

 

Müsahibələrində hər zaman deyir ki, kinodakı taleyimə görə Şahmar Ələkbərova borcluyam: “O, ilk dəfə məni “Qəzəlxan” filminə dəvət etdi. Daha sonra Ş.Ələkbərovun ssenarisi üzrə Bakı milyonçusu Ağamusa Nağıyevin həyatından bəhs edən filmdə (rejissor Rövşən Almuradlı – red.) baş rol mənə həvalə edildi”.

İndiyədək 30-dan artıq filmdə çəkilən aktyorun oynadığı Ağamusa Nağıyev rolu sənət tərcümeyi-halına yazılan ən yaxşılardan hesab olunur.

Uzun illərdir çalışdığı Akademik Milli Dram Teatrının səhnəsində Səfər (“Əliqulu evlənir” - S.Rəhman), Fariz, Musa, İran taciri Mahmudi, Qaçaq Rəsul (“Büllur sarayda”, “Bizim qəribə taleyimiz”, “Şeyx Məhəmməd Xiyabani”, “Mahnı dağlarda qaldı” -  İ.Əfəndiyev), Təlxək və Kürd Musa (“Vaqif” - S.Vurğun), Qatil (“Maqbet” - V.Şekspir), Hacı Salah və Şikayətçi (“Sərgüzəşti-vəziri-xani-Lənkəran” - M.F.Axundzadə), Məcid Əfəndi (“Şeyda” - H.Cavid), Vəzir (“Qətibə İnanc” M.S.Ordubadi), Hacı Kərim, Hacı Cəfər (“Ölülər”, “Dəli yığıncağı” - C.Məmmədquluzadə) və s. tamaşalarda bir-birindən maraqlı obrazlar qalereyası yaradıb.

70 illik yubileyinə hazırlaşan Mirzə Ağabəyli ilə söhbətimizdə sənətin bir çox sahələrindən danışdıq. “60 illik yubileyimdə də məni ilk yada salan “Mədəniyyət” qəzeti oldu. Bu diqqətə görə təşəkkürümü bildirirəm. Müsahibə üçün müraciət etdiyiniz zaman hədsiz sevindim. Demək, sənətimə diqqət var, unudulmadım və yaradıcılığıma qiymət verən insanlar var”, - deyir.

Söhbət əsnasında ədəbi nümunələrdən, xüsusilə də Nizamidən, Füzulidən, Sabirdən tez-tez misal çəkir. Müsahibə sanki onun yubileyi ilə əlaqəli deyil, Mirzə Ağabəylinin illərdir içində qalan mövzularla dialoqu, bir aktyorun yubileyqabağı monoloqu idi.

Arabir dostlarından, sənətə və sənətkara olan biganəlikdən gileylənir. Deyir ki, yaradıcı insanlar həmişə kövrək olurlar və onların hər zaman diqqətə ehtiyacı var. “Malın mal olmasın, bazarın bazar olsun” deyimindəki kimi.

Onun sözlərinə görə, sənət həmişə zirvədədir. Yaş ötür və insan həyatda nələrisə əldə etməyə çalışır: “Mən həmişə özüm-özümdən şikayət etmişəm. Xalq nizam-tərəzini yaxşı bilir və bu gün 70 ildə Mirzə Ağabəylinin teatr səhnəsində və kinoda fəaliyyətini də məhz xalq dəyərləndirir”.

Pandemiya digər həmkarları kimi onu da mart ayından səhnəsiz qoyub. Deyir, təki sağlamlıq olsun, dövlətimiz nə qərar verirsə, biz də ona əməl edirik. Hər şeyin yaxşı olacağı ümidi ilə yaşayır: “Bizim məhsulumuz teatrın səhnəsində yaratdığımız obrazlardır. Gərək bu obrazları tamaşaçıya çatdıra bilək. İşimiz istər mənəviyyat, istərsə də keyfiyyət cəhətdən insanlara yaxşı xidmət göstərməkdir. Teatrsevərlər hansı aktyorun məhsulunun daha keyfiyyətli olduğunu gözəl bilirlər. Söhbət baş roldan getmir. K.Stanislavski rolun böyük-kiçiyi yoxdur deyib. Amma var. Stanislavskinin bu fikrini hər aktyora şamil etmək olmaz. Məsələn, “Əhməd haradadır?” filmində Əliağa Ağayev kiçik bir obrazı o qədər böyük məharətlə oynayıb ki, bu gün də dillər əzbəridir”.

Həmsöhbətimdən pedaqoji fəaliyyət göstərməməyinin səbəbini xəbər alıram. Bunu həvəs və səbirlə əlaqələndirir: “Papaq dəyişsə də, düşüncə dəyişməyib. Bu səbəbdən də gənclərlə işləmək mənim üçün çətin olar. Pedaqoji fəaliyyətlə məşğul olan sənətkarlar səbir cəhətdən yarımış insanlardır”.

 

Aktyor ona tapşırılan rolu bacarmalıdır

 

Söhbətimizin bu yerində müəllimi Mehdi Məmmədovun “Əgər oynadığın obraza özün inanmırsansa, tamaşaçı dünəndən inanmır” fikrini xatırladır. Bildirir ki, indiki gənc aktyorlar bu fikrə əməl etsələr yaxşı olar: “Verilən rol mənə uyğun gəlir, yaxud uyğun gəlmir, başqa aktyora verilən rolu mən oynamaq istəyirəm kimi problemim olmayıb. Biz xarakterlər yaradırıq. Ola bilər ki, hansısa xarakteri daha yaxşı oynaya bilərsən, bəlkə də başqa xarakteri bundan da yaxşı. Aktyor ona tapşırılan rolu bacarmalıdır. Aktyora “sənlik rol yoxdur” deyilməz. “Mən lirik-dramatik aktyoram”, “mən tragik aktyoram” – bunu özlərinə adət edib indiki aktyorlar. Fikrimcə, belə bir yanaşma olmamalıdır. Ələsgər Ələkbərov kimi görkəmli aktyor bu gün “1905-ci ildə” tamaşasında komik rol, sabah “Vaqif”də Vaqif kimi ciddi bir obraz oynayırdı. Aktyor hər bir obrazın öhdəsindən gəlməyi bacarmalıdır. Gücü çatmayan aktyor belə seçimlər arasında qalır. Diplomda yazılmır ki, bu aktyor dörd il oxuyub, dramatik aktyor kimi çalışmalıdır”.

 

“Atamın tənbehindən sonra bu adətimdən əl çəkdim”

 

Müsahibim sənətə gəlişinin səbəbini hələ uşaq vaxtı böyüyüb boya-başa çatdığı Buzovna qəsəbəsində məscidə gedən kişiləri təqlid etməsi ilə əlaqələndirir: “Məscidə gedən qoca kişilərin yerişinə, duruşuna diqqət kəsilib, sonra onları təqlid edərdim. Günorta vaxtı azan verilirdi. Mən də həyətimizdəki tut ağacının başına çıxıb azan verərdim. Bir gün atam dedi ki, ay oğul, qoca kişilər məni küçədə, məclisdə görürlər, deyirlər, yaxşı deyil, o uşaq azan verir. Azan bir yerdə verilər. Atamın tənbehindən sonra bu adətimdən əl çəkdim”.

Mirzə Ağabəyli özünü xoşbəxt aktyor hesab edir: “Mehdi Məmmədov, Adil İsgəndərov, Rza Təhmasib kimi böyük sənətkarların qarşısında qabiliyyət imtahanı verib institutun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuşam. Mehdi müəllimin kursunda oxumuşam. Böyük aktyorlarla bir teatrda çalışmaq həm şərəflidir, həm də məsuliyyətli. Eyni zamanda böyük rejissorlarla işləmişəm. Mənim teatrda ilk işlədiyim rejissorlardan biri də Mərahim Fərzəlibəyov olub. Daha sonra Ağakişi Kazımovla çalışmışam. Bu gün də teatrın səhnəsində tamaşa qoyan bütün rejissorlarla eyni sevgi ilə işləyirəm”.

Yubilyar sənətkara möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

Lalə AZƏRİ