Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Şeyx Sənan” əsəri Özbəkistanın Buxara Vilayət Musiqili Dram və Komediya Teatrında özbək dilində tamaşaya qoyulacaq.

Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Buxara vilayətinin rəhbərliyi arasında razılıq əldə olunub.

Qeyd edək ki, yüz ildən çoxdur Azərbaycan yazıçılarının əsərləri, xüsusilə Üzeyir Hacıbəylinin “Arşın mal alan”ı Orta Asiyanın müxtəlif teatrlarında tamaşaya qoyulur və rəğbətlə qarşılanır. Hələ ötən əsrin əvvəllərində azərbaycanlı maarifçilər - Seyid Rza Əlizadə, Sidqi Ruhulla, rejissor Mirzə Həbib Axundzadə və digər mədəniyyət, teatr xadimləri azərbaycanlılardan ibarət teatr truppası yaradaraq yazarlarımızın əsərlərini Özbəkistanın Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm və Səmərqənd şəhərlərində teatrsevərlərə təqdim ediblər.