Avqustun 27-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Braziliyanın ölkəmizdəki səfiri Manuel Adalberto ilə görüşüb.

Fondun fəaliyyəti barədə səfirə məlumat verən Günay Əfəndiyeva xarici ölkələrdə təşkil edilmiş tədbirlərdən, eləcə də türkdilli xalqların irsinin və mədəniyyətinin qorunması və dünyada tanıdılması məqsədilə həyata keçiriləcək layihələrdən söz açıb.

Fondun prezidenti Braziliyaya səfərini, “Türk və Latın Amerikası mədəniyyəti, tarixi və ənənələrinə kontinental, regional, elmi yanaşma” adlı konfransda iştirak etdiyini xatırladaraq, xalqlar arasında mədəni irsin tanıdılmasının vacibliyini vurğulayıb.

Səfir Manuel Adalberto təmsil etdiyi ölkənin və ümumilikdə Latın Amerikası ilə türk mədəniyyətləri arasında qarşılıqlı əlaqələrindən bəhs edib, türk dünyasının zənginliyini əks etdirən kitabların öz ölkəsində tərcümə və nəşr olunmasına  köməklik göstərəcəyini bildirib.

Diplomat həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Braziliyanın Bakıdakı səfirliyi arasında əməkdaşlığın uğurlu inkişafına inandığını qeyd edib.