COVİD-19-un yayılması riski qadağaları zəruri edir

Türkiyədə koronavirusun yayılmasına qarşı aparılan çoxistiqamətli mübarizə tədbirləri çərçivəsində bəzi vilayətlər üzrə xüsusi karantin qaydaları müəyyənləşdirilib.

Ölkənin Daxili İşlər Nazirliyinin qərarına əsasən, avqustun 26-dan etibarən Ankara, Adana, Ağrı, Bursa, Çorum, Diyarbəkir, Ərzurum, Qaziantep, Kayseri, Konya, Mardin, Şanlı Urfa, Van və Yozqat olmaqla 14 vilayətdə nişan və xınayaxdı mərasimlərinin keçirilməsinə icazə verilməyəcək. Toy mərasimləri isə bir saat olacaq. Gəlin və bəyin doğmaları istisna olmaqla 65 yaşdan yuxarı və 15 yaşdan aşağı şəxslər toyda iştirak edə bilməyəcək. Rəqslərə, açıq şəkildə yeməklərdən istifadəyə icazə verilməyəcək.

Qeyd edək ki, son günlər Türkiyədə koronavirusa yoluxma və sağalma nisbətində mənfi dinamika davam etməkdədir. Ekspertlər hesab edirlər ki, kütləvi tədbirlər, xüsusilə də rəqs və yallı olan mərasimlər infeksiyanın geniş yayılmasına səbəb olur.

Qazaxıstanda isə hökumət avqustun 31-dən karantin tədbirlərinin yumşaldılmasının ikinci mərhələsinə başlamağa qərar verib. Ölkədə son günlərdə yoluxma sayında azalmalar qeydə alınıb. Avqustun 17-dən Qazaxıstanda karantinin mərhələli şəkildə yumşaldılmasına başlanılıb.

Pandemiya şəraitinin mürəkkəb olduğu Ukraynada karantin müddəti noyabrın 1-dək uzadılıb. Nazirlər Kabinetinin iclasında qeyd olunub ki, Ukraynada virusa yoluxma ilə bağlı vəziyyət getdikcə pisləşir. Bundan öncə Ukraynada karantin müddəti avqustun 31-dək uzadılmışdı.