İngilis dilində bədii ədəbiyyat sahəsində ən nüfuzlu təltif olan Buker mükafatını (“The Man Booker Prize”) bu il Niderland yazıçısı Marike Lukas Riyneveld (Marieke Lucas Rijneveld) qazanıb. Bu barədə qərar avqustun 26-da axşam açıqlanıb.

1991-ci ildə Niderlandın Nord-Brabant bölgəsində doğulan yazıçının “Axşam narahatçılığı” kitabı mükafata təqdim olunan 120 əsər içərisindən seçilib. Qeyd edək ki, “Buker 2020”yə namizədlərin ən son qısa siyahısında 6 müəllifin adı vardı.

Alman müəllif Daniel Kelman (“Til” əsəri), yaponiyalı yazıçı Yoko Oqava (“Xatirə polisi” romanı), iranlı müəllif Şükufə Azər (“Alça ağacının nurlanması)”, argentinalı Qabriela Kamara (“Çin dəmirinin macəraları”) və meksikalı Fernanda Melxor (“Qasırğalar mövsümü”) 29 yaşlı niderlandlı yazıçı ilə Buker uğrunda yarışın son mərhələsinə qalmışdılar.

Buker mükafatının təqdimatı ilk dəfə 1969-cu ildə keçirilib. Əvvəlcə mükafat Britaniya Birliyi ölkələrində yaşayan müəllifə ingilis dilində olan əsərə görə təqdim edilirdi. Beynəlxalq Buker mükafatı 2004-cü ildə təsis edilib və 2016-cı ilədək iki ildən bir təqdim edilib. İndi bu mükafat ədəbiyyat sahəsində nailiyyətlərə görə hər il təqdim olunur. İngilis dilində yazılmış və ya bu dilə tərcümə edilmiş hər hansı kitabın müəllifi mükafatın qalibi ola bilər.

Marike Lukas Riyneveld Buker mükafatını qazanan ən gənc yazıçıdır.

CAVİD