Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında, həmçinin milli ədəbiyyatımızın görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyinin geniş şəkildə keçirilməsi ilə bağlı sərəncamlarına uyğun olaraq, ədibin “Sarı toyuq” hekayəsi İndoneziyanın “Kanal Dengar” radio kanalında səsləndirilib.

Əsər bu ölkədə təhsil alan tələbələrimiz Əli Əliyev və Leyla Qarayeva tərəfindən “Könüllülər ili” çərçivəsində tərcümə edilib. Hekayəni radionun əməkdaşı Lutfi Nasution təqdim edib, əsərin qəhrəmanları fərqli şəxs tərəfindən səsləndirilib.

Səsləndirməni https://anchor.fm/kanaldengar/episodes/Ayam-Kuning---Kanal-Dengar-x-Kedutaan-Besar-Azerbaijan-eip6ba linki vasitəsilə dinləmək mümkündür. Hekayənin digər internet resurslarında yayımlanması da təmin edilib.

Ə.Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi çərçivəsində Azərbaycanın İndoneziyadakı səfirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Səfirliyin təşəbbüsü ilə İndoneziya Poçt Dövlət Şirkəti tərəfindən poçt markası nəşr edilib. Markanın üzərində “Şuşa Azərbaycan” yazısı və ədibin gənclik şəkli, arxa fonda “Şuşa qalası” təsvir olunub. Şirkət ilə səfirlik arasında əldə olunmuş razılığa əsasən, marka ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılıb.

Ədibin həyat və yaradıcılığı haqqında məlumat və hekayələri İndoneziya dilinə tərcümə edilərək, bu ölkənin Milli Kitabxanasının saytında (www.perpusnas.go.id) yerləşdirilib. Həmçinin bu nümunələrin İndoneziya universitetlərinin onlayn kitabxanalarında yerləşdirilməsi təmin edilib. Hekayələr İslam Əməkdaşlıq Təşkilatının İndoneziya üzrə gənclər təşkilatının “Facebook” səhifəsində də yayımlanıb.

Bununla yanaşı, İndoneziyanın “Minanews” saytında səfirliyin müşaviri Gültəkin Həbiblinin “Əbdürrəhim bəy Haqverdiyev – 150” sərlövhəli məqaləsi dərc olunub. Müəllif milli düşüncənin inkişafında mühüm rol oynamış ədibin yubileyinin xarici ölkələrdə də qeyd olunduğunu, onun yaradıcılığının geniş oxucu kütləsinə tanıdıldığını bildirib.