Oktyabrın 28-dən noyabrın 1-dək Türkiyənin Van şəhərində 5-ci Van gölü Beynəlxalq film festivalı keçirilib. Festivalda ölkəmizi İlqar Safatın “İçərişəhər” və Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmləri təmsil edib.
Təhminə Rafaella “İçərişəhər” filmindəki roluna görə festivalın “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb. Bu barədə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan ekran əsərinin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.
“İçərişəhər” bədii filmi noyabrın 11-dən 27-dək Estoniyanın paytaxtı Tallində keçiriləcək 20-ci “Qaranlıq gecələr” Beynəlxalq film festivalına dəvət alıb. Film festivalın “Forum” proqramında nümayiş etdiriləcək.