Kitabxana-informasiya fəaliyyətinin əsas obyekti informasiya məhsulu və onun əsasında həyata keçirilən informasiya xidmətidir. Fəaliyyətin əsas məzmunu oxucunun biblioqrafik sorğusunu müvəffəqiyyətlə yerinə yetirməkdir. Soraq-biblioqrafiya xidməti tələbatçının sorğusunun qəbul edilməsi və ona lazımi cavabın verilməsini həyata keçirir.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən təqdim olunan “Kitabxanalarda biblioqrafik arayışların yerinə yetirilməsi” adlı metodik vəsaitdə bu barədə ətraflı bəhs olunur. Biblioqrafik fəaliyyətin göstəricisi olan sorğuya cavab bütün tədqiqat və axtarış materiallarına əsaslanaraq sənədin kitabxanada olub-olmaması və ya onun yeri haqqında, müəyyən mövzu üzrə biblioqrafik informasiyanın məzmunu haqqında, sorğuda göstərilməmiş və ya təhrif edilmiş biblioqrafik təsvir elementləri haqqında operativ və keyfiyyətli informasiyadır. Vəsaitdə yeni biblioqrafik xidmət olan “Virtual arayış” haqqında da məlumat verilir və bunun biblioqrafik xidmətin inkişafına təkan verdiyi göstərilir. Bu proses zamanı sosial şəbəkədən istifadə xidmətin daha keyfiyyətli olması üçün şərait yaradır.

Vəsaitdə biblioqrafik və faktoqrafik sorğuların növləri tədqiqat obyektinə çevrilib. Materialda kitabxanada işin keyfiyyətini yüksəltmək üçün arayışların yerinə yetirilməsi metodikası, arayışların kitabxanada statistikası, arayışlar bazasının yaradılması haqqında tövsiyələr öz əksini tapıb.