Şimali Afrikanın üç ölkəsi – Misir, Tunis və Mərakeşin COVİD-19 pandemiyası dövründə turizm sektorunun fəaliyyətini bərpa etməsi risklidir. Bu barədə Avropa İnvestisiya Bankının (EİB) hesabatında bildirilir.

Qeyd olunur ki, iqtisadiyyatları turizm gəlirlərindən asılı olan ölkələr pandemiya dövründə daha dərin böhrana məruz qalıblar. Lakin hazırkı şəraitdə beynəlxalq turizmin bərpa edilməsi yeni növ koronavirusun daha çox yayılmasına səbəb ola bilər.

Hesabatda bildirilir ki, Şimali Afrika ölkələrində turizm sektorundan əldə olunan gəlir ümumi daxili məhsulun 20-40 faizini təşkil edir. Misir Avropa İttifaqının Cənub Tərəfdaşlığı Proqramına daxil olan ölkələr arasında ciddi iqtisadi böhran yaşayan ölkələr sırasındadır. Demək olar ki, humanitar fəlakətin yaşandığı Livan isə ən dərin böhran keçirən ölkədir. Bundan başqa, Mərkəzi Asiyada iki ölkə - Qırğızıstan və Tacikistan da ən dərin böhranla üzləşən ölkələr kateqoriyasına daxil edilib.

Bankın hesabatında vurğulanır ki, Afrika və Sakit okean ölkələrinin yarıdan çoxu COVİD-19 pandemiyası səbəbindən ağır iqtisadi problemlərlə qarşılaşıb.