Azərbaycan turizm sahəsindən külli miqdarda gəlir götürən ölkələrlə əməkdaşlığını getdikcə genişləndirir. Belə ölkələrdən biri də Yunanıstan Respublikasıdır. Məlum olduğu kimi, 2005-ci ilin aprel ayında Azərbaycanla bu ölkə arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Bu sazişin şərtlərinə uyğun olaraq iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Yunanıstanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə noyabrın 23-dən dekabrın 1-dək Mədəniyyət və Turizm Nazirliyinin, turizm şirkətlərinin və KİV nümayəndələrinin iştirakı ilə adıçəkilən ölkəyə infotur təşkil edilib. İnfotur Yunanıstan Respublikasının Turizm Nazirliyi, Yunanıstan Milli Turizm Təşkilatı və Yunanıstan Səyahət və Turizm Agentlikləri Assosiasiyasının maliyyə dəstəyi ilə həyata keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin turizm Şöbəsinin Xarici turizm sektorunun aparıcı məsləhətçisi Kəmalə Həsənovadan aldığımız məlumata görə, infotur çərçivəsində Azərbaycan nümayəndə heyəti Afina, Xanya, Saloniki, Xalkidiki, Retimno və Lutraki şəhərlərinə səfər edib. Azərbaycanlı qonaqlar həmin şəhərlərin mövcud turizm potensialı, mədəni və tarixi abidələri, həmçinin bu şəhərlərdə fəaliyyət göstərən məşhur "Metropolitan", "King George", "İmperial", " Vouliagmeni Suites", "Santa Marina", "Hyatt Regency", "Hotel Casino Regency Hyatt", "Porto Carras","Club Hotel Casino Loutraki" və digər mehmanxanaların işi ilə yaxından tanış olublar: "Xanya şəhərində fəaliyyət göstərən Krit Hotellər Assosiasiyasının prezidenti Yanulis Emmanuel, vitse-prezidenti xanım Papadaki Tulya və assosiasiyanın baş katibi cənab Stasakis Yanislə işgüzar görüşümüz oldu. Sonra assosiasiyanın adından bizim nümayəndə heyətinə rəsmi ziyafət verildi. Həmçinin səfər müddətində biz Xanya şəhərinin Armeni və Vamos bələdiyyələrinin merləri ilə də görüşdük, bir sıra fikir mübadilələri etdik". K.Həsənovanın dediyinə görə, bununla yanaşı, Afina, Saloniki və Xanya şəhərlərində ölkəmizin turizm şirkətləri ilə Yunanıstanın turizm şirkətləri arasında işgüzar görüşlər keçirilib. Görüşlər zamanı turizm şirkətləri arasında məlumat və fikir mübadiləsi aparılaraq əməkdaşlıq haqqında müqavilələr imzalanıb: "Belə ki, "Qlobus Travel" şirkəti ilə Yunanıstanın "Anfitrion Travel", "Slava Tours", "Corfu Tourist Services", "Kalamaki travel" turizm şirkətləri, həmçinin "Club Hotel Casino Loutraki" və "Hotel Casino Regency Thessaloniki" mehmanxanaları, "R&R Travel" şirkəti ilə "Kalamaki travel", "Renalssance Hellas", "Antel travel", "Gea Travel-S.A İraklion", Belair Travel & Tourism", "Ovadias Tours", "Tsandekidis Travel", "Slava Tours", "La Greca D.M.C", "El Greco Tours", "Hellenic Tours", "Betis Travel", "Klados travel", "Saloniki Tours" turizm şirkətləri, həmçinin "Qrand Resort", "Klani Beach", "Kalyves Beach", "Santa Marina", "Almay Rida Beach", "Club Hotel Casino Loutraki" mehmanxanaları və "Raena" şirkəti ilə "El Greco Tours", "Slava Tours" və GEA Travel" turizm şirkətləri arasında müqavilələr imzalandı. Bundan əlavə, Krit adasında fəaliyyət göstərən "Kalamaki travel" şirkəti ilə ölkəmizin turizm şirkətləri arasında Bakı-Krit çarter uçuşlarının təşkil edilməsi ilə əlaqədar ilkin razılaşma əldə olundu. Razılaşmaya əsasən şirkətin rəhbəri Miltiadis Despotakis bu ilin dekabr ayının birinci yarısında ölkəmizə səfər edəcək. Səfər çərçivəsində M.Despotakisin ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur". Nazirlik sözçüsünün dediyinə görə, 2009-cu ilin yanvar ayında "Tsandekidis Travel", "Saloniki Tours", "Slava Tours" və "Betis Travel" turizm şirkətlərinin rəhbərlərinin ölkəmizə işgüzar səfərləri də nəzərdə tutulur. K.Həsənova onu da bildirdi ki, Yunanıstanın turizm bazarında müalicəvi, biznes və istirahət turizm növləri ölkəmizin turizm şirkətlərində böyük maraq yaradıb: "Öz növbəsində turizm şirkətlərimiz tərəfindən Azərbaycanda olan mədəni, müalicəvi, ekoloji, biznes və MİCE turizm növləri barədə də Yunanıstan tərəfə məlumat verildi və turizm potensialımıza dair reklam-çap məhsulları onlara təqdim olundu. Söhbət əsnasında gələcəkdə Yunanıstanın turizm şirkətlərinin də ölkəmizə bu cür səfərlərinin təşkil ediməsinə dair fikir mübadiləsi aparıldı". K.Həsənova sonda onu da qeyd etdi ki, bu infotur Azərbaycan və Yunanıstan arasında turizm əlaqələrinin daha da genişlənməsinə və inkişafına təkan verəcək, həmçinin ölkəmizdən Yunanıstana gedən və Yunanıstandan ölkəmizə gələn turistlərin sayını çoxaldacaq.