Özbəkistanın nargis.uz portalında Azərbaycan opera sənəti haqqında rus dilində material yerləşdirilib.

Materialda böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir.

Bildirilir ki, 1908-1915-ci illərdə Üzeyir Hacıbəyli altı opera yaradıb. 1908-ci ildə yazılan “Leyli və Məcnun” operası ilə Üzeyir Hacıbəyov ancaq Azərbaycanda deyil, Şərqdə ilk operanın əsasını qoyub. Elə həmin il yanvarın 25-də Bakıdakı Tağıyev teatrında operanın premyerası olub. Yazıda bildirilir ki, 1937-cı ildə dahi bəstəkar opera sənətinin zirvəsi olan “Koroğlu” operasını tamamlayır.

Vurğulanır ki, “Ər və arvad”, “O olmasın bu olsun” və “Arşın mal alan” operettaları da Üzeyir Hacıbəyli dühasının əsərləridir.

Materialda bu opera və operettaların yazılma tarixi, tamaşaya qoyulduğu günlər haqqında da ətraflı söhbət açılır.