“Azərbaycan musiqisinə dair ensiklopediya və xalq musiqisi ilə əlaqədar əlavə məlumatlar” kitabı çapdan çıxıb. Kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunub.

Təhsil Nazirliyinin və Bakı Musiqi Akademiyasının birgə nəşri olan bu kitab ümumtəhsil, incəsənət və musiqi təmayüllü orta məktəblərin, gimnaziyaların şagirdləri və musiqi kolleclərinin tələbələri üçün nəzərdə tutulur.

Layihənin ümumi rəhbəri Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Fərhad Bədəlbəyli, icraçı rəhbərləri bəstəkar, pedaqoji elmlər doktoru, professor, Əməkdar incəsənət xadimi, Oqtay Rəcəbov və fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadədir.

“Mütərcim” nəşriyyatında çap edilmiş kitab “Azərbaycan musiqisinə dair ensiklopediya” və “Azərbaycan xalq musiqisinə dair əlavə məlumatlar” adlı iki hissədən ibarətdir. Ön sözdə əsasını dahi Üzeyir Hacıbəylinin qoyduğu Azərbaycan professional musiqisinin inkişaf tarixinə ətraflı nəzər salınıb. Vurğulanır ki, milli musiqi təhsilinin milli xarakter daşıması üçün təhsili rus dili, rus-Avropa modeli çərçivəsindən çıxarıb “Şərq musiqimizdən ibarət olan milli musiqimizin tərəqqisi yolunda elmi, fənni, nəzəri və əməli surətdə danışmaq” məcrasına yönəltmək işinin təşəbbüskarı və icraçısı Üzeyir Hacıbəyli olub. Dahi bəstəkar Azərbaycan dilində tədrisin aparılması və azərbaycanlıların da ali musiqi təhsilində bərabərhüquqlu iştirakını təmin etməklə bazanın hazırlanması üçün Türk Musiqi Məktəbinin (Azərbaycan Dövlət Türk Musiqi Texnikumu, 1922) açılmasına nail olub. Məhz bu məktəbin yetirmələri sonradan Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq ilk ali təhsilli milli kadrlar kim milli musiqi mədəniyyətinin müxtəlif sahələrində yeni yollarla inkişafı təmin etdilər.

Kitabın ensiklopediya hissəsində Azərbaycan musiqi mədəniyyətinin nümayəndələri, o cümlədən xanəndələr, kamança ifaçıları, tarzənlər, bəstəkarlar, pianoçular, dirijorlar, opera artistləri, müğənnilər, baletmeysterlər, musiqi sənəti üzrə tənqidçi, publisist, pedaqoq və professorlar və digər musiqi xadimləri haqqında məlumat əlifba sırası ilə verilib. Oxucu bu hissədə həm musiqiçi alim Əbdülqadir Marağayi, həm Aşıq Alı, Aşıq Abbasqulu və başqaları, eləcə də xanəndələr Hacı Hüsü Kazımlı, Məşədi İsi, Malıbəyli Cümşüd, Ağabala Ağa Səid oğlu, Cabbar Qaryağdıoğlu, Ələsgər Abdullayev, Qasım Abdullayev, İslam Abdullayev, tarzən Şirin Axundov, opera artisti (lirik tenor) Əhməd Ağdamski (Bədəlbəyli), müğənni Xurşud Qacar (Qacar Naxçıvanskaya Xurşud), opera ifaçısı Sürəyya Qacar, xanəndə, muğam bilicisi, təsnif və xalq mahnılarının təfsirçisi və təbliğatçısı Zülfü Adıgözəlov və digər sənətkarlar haqqında ensiklopedik məlumat əldə edə bilər.

“Azərbaycan xalq musiqisinə dair əlavə məlumatlar” adlı ikinci hissə Ulu öndər Heydər Əliyevin “...Biz Azərbaycan xalqının tarix və mədəniyyət abidələrinin mühafizəsinə daha çox diqqət və qayğı göstərməli, bərpa işlərini təkmilləşdirməliyik” fikri ilə başlanır. Bu hissədə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev tərəfindən Azərbaycanın 7 klassik muğamının not yazıları təqdim edilib. Yazıda klassik muğamlarımız, muğam dəstgahları və onlarda istifadə olunan terminlər haqqında məlumat da yer alıb.

İkinci hissədə O.Rəcəbovun və A.Hüseynovanın həmmüəllif olduğu “Azərbaycan xalq musiqi janrları” sərlövhəli yazıda qeyd olunur ki, mahnı yaradıcılığı xalqımızın mənəvi böyüklüyünü, onun zəngin bədii təxəyyülünü, mənalı tarixi yolunu əks etdirir və qədim tarixə malikdir. Xalq yaratdığı mahnılarla, melodiyalarla övladlarına layla demiş, onlara böyüdükcə mərdlik, vətənpərvərlik, zəhmətsevərlik aşılamış, toy məclislərində toy-düyün mahnılarını oxumuş, ağılarla kədərini, lirik mahnılarla sevgisini ifadə etmişdir.

Kitabda layla nümunələrinin lad quruluş və ritm təhlili də verilib.

Nəşrdə, həmçinin Azərbaycan xalq rəqslərinin inkişaf tarixinə ətraflı nəzər salınıb. Vurğulanır ki, Azərbaycan xalq rəqsləri mərasimlər çərçivəsində qalmamış, eyni zamanda, XX əsrdə peşəkar bəstəkar yaradıcılıqlarına yol taparaq inkişaf edib.

Kitabın digər məziyyəti burada Azərbaycan xalq rəqslərinin məzmununa görə təsnif edilməsi və adlarının mənalarının verilməsidir. Nəşrdə yer alan “Azərbaycan xalq rəqslərinin metro-ritmik xüsusiyyətləri”, “Azərbaycan muğamlarının insana potensial təsir imkanları” sərlövhəli yazılar da oxucular üçün dəyərli mənbələrdir.

Layihənin tərtibində sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elnarə Məmmədova-Abasova, Azərbaycan Təhsil İnstitutunun elmi işçisi Bahar Bəylərova, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Aynur Hüseynova iştirak ediblər.

Elmi redaktorlar sənətşünaslıq üzrə elmlər doktoru, dosent Aytən Babayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayevdir. Nəşriyyat redaktoru Sevinc İmanovadır. Elmi məsləhətçilər Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə, Əməkdar incəsənət xadimi, akademik Rafael Hüseynov, Xalq artisti, professor Siyavuş Kərimi, Əməkdar incəsənət xadimi, professor, pedaqogika üzrə fəlsəfə doktoru Nazim Kazımov, Əməkdar artist Ramil Qasımovdur.