Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un üzv ölkələrlə əməkdaşlığından bəhs edən daha bir nəşr çapdan çıxıb. Sentyabrın 4-də təşkilatın Ankaradakı qərargahında  “TÜRKSOY-Özbəkistan” kitabının videokonfrans formatında təqdimat mərasimi keçirildi.

TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcının moderatorluğu ilə keçən videokonfransa Özbəkistanın Mədəniyyət naziri Ozodbek Nazarbekov, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Özbəkistanın Türkiyədəki səfiri Alişer Agzamxocayev, Türkiyənin Özbəkistandakı səfiri Mehmet Süreyya Er, millət vəkili, Türkiyə-Özbəkistan Parlamentlərarası dostluq qrupunun sədri  Osman Mesten, Türkiyə Xarici İşlər Nazirliyinin Mədəniyyət diplomatiyası üzrə baş direktorunun müavini Emir Salim Yüksel iştirak edirdilər.

Qurumun baş katibi Düsen Kaseinov açılış nitqində Özbəkistan ilə TÜRKSOY arasındakı işbirliyindən bəhs etdi və bu münasibətlərin getdikcə daha da genişlənəcəyinə əminliyini bildirdi. Baş katib Özbəkistanın qədim Xivə şəhərinin 2020-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsinin bu əməkdaşlığın bir təzahürü olduğunu vurğuladı, bu təşəbbüsə və layihəyə verdiyi dəstəyə görə Özbəkistan Prezidenti Şövkət Mirziyoyevə təşəkkürünü ifadə etdi.

Düsen Kaseinov mövcud pandemiya şəraitinə rəğmən “Xivə 2020: Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində keçirdikləri tədbirlərdən bəhs etdi. Bildirdi ki, TÜRKSOY-un təşəbbüsü ilə Əlişir Nəvai, Abdullah Kadri kimi özbək ədəbiyyatının möhtəşəm simaları xatırlandı və bu ənənə davam edəcək.

Sonra “Xivə 2020: Türk dünyasının mədəniyyət paytaxtı” ili ilə bağlı film nümayiş olundu. Filmin nümayişi başa çatdıqdan sonra Düsen Kaseinov “TÜRKSOY-Özbəkistan” kitabının təqdimatını bildirən rəmzi lenti kəsdi.

Videokonfransda çıxış edən Özbəkistanın Mədəniyyət naziri Ozodbek Nazarbekov TÜRKSOY və Özbəkistan arasında son zamanlarda artan əməkdaşlığı vurğulayaraq, görülən işlərin və Xivənin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsinin əhəmiyyətini qeyd etdi.

Yalçın Topçu Özbəkistanın Türk-İslam dünyasının elm və sivilizasiyasının beşiyi olduğunu vurğulayaraq, “TÜRKSOY-Özbəkistan” kitabının əhəmiyyətindən bəhs etdi.

Səfir Alişer Agzamxocayev Xivə şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə Özbəkistan-TÜRKSOY əməkdaşlığının ən yüksək zirvəyə çatdığını qeyd etdi.

Digər çıxış edənlər Özbəkistanın son dövrlərdəki inkişafına, mədəniyyət və incəsənət sahəsindəki uğurlarına diqqət çəkdilər.

Təqdimat TÜRKSOY sənətçilərinin ifasında özbək mahnısının səsləndirilməsi ilə başa çatdı.

Mehparə SULTANOVA
Ankara