2008-ci ili necə yola salırıq?

Turizm müasir dünyada iqtisadiyyatın ən gəlirli sahələrindən biridir. Əksər ölkələrin büdcəsinin formalaşmasında bu sahənin böyük rolu var. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin təbii resursları olan Azərbaycanda da turizm sahəsindən gözləntilər çoxdur. Çünki ölkəmizdə bu sahənin inkişafı üçün kifayət qədər potensial var. Üstəlik, Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə turizm sahəsi böyük nailiyyətlər qazanır və gün-gündən inkişaf edir. Bütün regionlarımızda yeni turizm obyektləri tikilir, mədəni-tarixi qoruqlar yaradılır və bərpa edilir. Regionlarda infrastrukturun yaradılmasını dövlət öz üzərinə götürüb.

Digər tərəfdən, İtaliya, Türkiyə, İspaniya və turizmdən külli miqdarda gəlir əldə edən digər ölkələrin təcrübəsi də onu göstərir ki, ilkin mərhələdə dövlətin dəstəyi olmadan turizmin sürətli inkişafına nail olmaq mümkün deyil.


Məhz bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar, Mədəniyyət və Turizm Nazirliyinin apardığı təbliğat işləri (ölkəmizin beynəlxalq turizm sərgilərində iştirakı, dünyanın aparıcı televiziya kanalları ilə yaxından əməkdaşlıq, orada Azərbaycanın turizm potensialını əks etdirən reklam roliklərinin yerləşdirilməsi), beynəlxalq təşkilatlarla, o cümlədən Ümumdünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı,  GUAM, İƏT və başqa beynəlxalq qurumlarla sıx əməkdaşlıq və onların işlərində fəal iştirak etməsi dövlətin bu sahəyə böyük ümidlər bəslədiyinin sübutudur.


Rəsmi məlumatlara nəzər salaq. Ötən il Azərbaycana 1,2 milyon nəfərə qədər xarici gəlib. Onlardan 800-900 min nəfəri turist olub. İndiyədək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda 172 mehmanxanaya turizm fəaliyyətinə dair lisenziya verilib. Ölkədə mehmanxana və ona bərabər tutulan obyektlərin sayı 328-dir. Onların 35 faizi Bakının payına düşür. Bu obyektlərdə 24 min 700 yataq yeri var. Bundan əlavə, 47 mehmanxanaya keyfiyyət nişanı - ulduz, 30-a yaxın obyektə isə mehmanxana fəaliyyətinə dair lisenziya verilib. Ötən il Azərbaycandan kənara gedən turistlərin sayı isə 1,8 milyon nəfərdən yuxarı olub. 2008-ci ilə dair məlumatlar hələ hazır olmasa da, turizm sahəsi səlahiyyətlilərinin nikbin proqnozlarından bu rəqəmlərin daha da artdığını söyləmək olar.
Bu yazı turizm sahəsi ilə bağlı 2008-ci ildə qəzetimizdə dərc edilən son məqalə olduğundan Azərbaycan turizminin inkişafı üçün görülən işlərin bir illik yekununa nəzər salaq.

Turizmi tanıtmağın bir yolu da beynəlxalq sərgilərdə iştirakdan keçir

Müasir dövrdə Azərbaycan kimi öz müstəqilliyini yeni əldə etmiş ölkələr üçün beynəlxalq turizmin inkişaf etdirilməsi olduqca vacib məsələdir. Bu baxımdan 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ölkəmizi bir çox beynəlxalq sərgilərdə təmsil etdi.
Martın 5-9-da Almaniyanın Berlin şəhərində keçirilən ITB - Berlin” beynəlxalq sərgisində ölkəmizin turizm potensialı haqqında ətraflı məlumat vermək üçün 137 kv.m sahəsi olan lövhə icarəyə götürülmüşdü.
May ayı sərgilərdə iştirak baxımından daha zəngin oldu. Belə ki, bu ay ərzində müxtəlif ölkələrdə təşkil edilən 3 böyük sərginin iştirakçısı olduq.


Mayın 6-dan 9-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində «ATM-2008» adlı beynəlxalq turizm sərgisi keçirildi. Qeyd edək ki, bu sərgidə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2004-cü ildən təmsil edilir. Budəfəki sərgidə nazirlik tərəfindən 40 kvadratmetrlik sahə götürülmüşdü.


Mayın 14-dən 17-dək Bəhreynin Manama şəhərində də beynəlxalq turizm sərgisi keçirildi. «Ekspo-2008» sərgisində iştirak etmək üçün 60 kvadratmetrlik lövhə icarəyə götürülmüşdü.
Mayın 15-dən 18-dək isə Rusiyanın paytaxtı Moskvada beynəlxalq turizm sərgisi keçirildi. 2002-ci ildən bu sərginin iştirakçısı olan Azərbaycan artıq 2008-ci il ərzində ikinci dəfə idi ki, həmin sərgidə təmsil edilirdi.
Bu ilin sonuncu beynəlxalq turizm sərgisi noyabrın 10-dan 13-dək Böyük Britaniyanın paytaxtı London şəhərində baş tutdu.


Öz növbəsində Azərbaycan da bir beynəlxalq sərgiyə ev sahibliyi etdi. Aprelin 16-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində «AİTF-2008» adlı 7-ci Azərbaycan Turizm və Səyahət Sərgisi keçirildi. Sərgidə dünyanın 28 ölkəsindən 65 şirkətin müxtəlif çeşidli məhsulları iştirakçıların ixtiyarına verildi.
Ötən il sentyabrın 2-6-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Milli Sərgisi-2008 keçirildi.

Azərbaycan Turizm İnstitutunun fəaliyyəti qənaətbəxşdir

Turizm sahəsi üzrə ölkəmizdə fəaliyyət göstərən yeganə ali təhsil ocağı olan Azərbaycan Turizm İnstitutunun 2008-ci ildəki fəaliyyəti də qənaətbəxş oldu. Mayın 6-da ATİ və onunla əməkdaşlıq edən Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizdə turizmin hərtərəfli öyrənilməsinə və bütün fəsillər üzrə inkişaf perspektivlərinə həsr olunan “Hər mövsümdə Azərbaycan” adlı beynəlxalq konfrans keçirdi. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizmin son bir neçə onillik ərzində sürətlə inkişaf edərək dünya iqtisadiyyatının və bütün mədəniyyətin ayrılmaz sahəsinə çevrildiyini deyərək, Azərbaycanın da dövlət büdcəsinin 2025-2030-cu ilədək turizm sektorunun inkişafı hesabına artacağının nəzərdə tutulduğunu bildirdi.


Noyabrın 22-də Azərbaycan Turizm İnstitutunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Turizm İnstitutunun birgə təşkilatçılığı ilə “Turizm və rekreasiya: problemlər və perspektivlər” adlı İkinci Ümumrespublika elmi-praktiki konfransı keçirildi. Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin və turizm şirkətlərinin nümayəndələrinin iştirak etdiyi konfransda, turizm və rekreasiya ehtiyatlarının tədqiqi, nəzəri və praktiki əhəmiyyəti, turizm bazarının müasir durumu, təhlükəsizliyi və inkişafı mövzularına daha çox diqqət yetirildi.


Bundan başqa, ATİ turizm sahəsinə aid bütün qurumlarla yaxın münasibətlər qurub. Eyni zamanda institut tələbələrini təhsil və təcrübə keçmək üçün Yunanıstan, Şimali Kipr və Türkiyəyə göndərir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2008-ci ildə bu məqsədlə ATİ bu ölkələrə 75 nəfərdən yuxarı tələbə yola salıb.

Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tədbirlərdə iştirak etdi

Mədəniyyət və Turizm Nazirliyi 2008-2016-cı illərdə Turizmin inkişafına dair Dövlət Proqramı hazırlayıb. Burada turizmin bütün sahələrinin inkişafı, o cümlədən turizmin hüquqi bazasının möhkəmləndirilməsi və genişləndirilməsi, turist xidməti infrastrukturunun yaradılması, bu sahəyə investisiyanın cəlb edilməsi, turizm sahəsində çalışan insanların peşə hazırlığı səviyyəsinin və təhsilinin artırılması planlaşdırılır. Azərbaycanın mövcud turizm potensialının təbliği-təşviqi sahəsində reklam işinin genişləndirilməsi, çap məhsullarının hazırlanması, Azərbaycanda turizm sərgilərinin keçirilməsi nəzərdə tutulub. Bu proqramın şərtlərinə uyğun olaraq, il ərzində nazirlik ölkəmizi bir çox beynəlxalq səviyyəli tədbirlərdə təmsil edib. Eyni zamanda, Bakıda turizm sahəsinə həsr edilən tədbirlər keçirilib. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin İslam Konfransı Təşkilatına üzv ölkələrə sədrliyi çərçivəsində aprelin 13-də «İrək yolu» layihəsində iştirak edən xarici turizm operatorlarının forumu keçirildi. Tədbirdə İslam Konfransı Təşkilatına üzv ölkələrin «İpək yolu» layihəsində iştirak edən turizm şirkətlərinin nümayəndələri iştirak edirdi. Forumun məqsədi regional biznes əməkdaşlığını və inkişafını tədqiq və müzakirə etməkdən, İpək yolunun dünyəvi şöhrətini, tarixi və mədəni dəyərini təşviq etməkdən, həmçinin layihənin turizm potensialından və mədəni dəyərindən istifadə edərək İslam konfransı Təşkilatına üzv ölkələr arasında biznes tərəfdaşlığının qurulmasına və inkişafına əlavə təsirli yol axtarmaqdan ibarət idi. 


Mayın 20-22-də Naxçıvan Muxtar Respublikasında «Dini və sağlamlıq turizmi:mənəvi və fiziki istirahətin təşkili» adlı beynəlxalq konfrans keçirildi. Məqsədi İslam dünyasında dini turizmin və ziyarətlərin əhəmiyyəti üzrə təcrübə mübadiləsindən, din və sağlamlıq ocaqlarının mahiyyəti, onun turizm məqsədləri üçün səmərəli idarə edilməsi yolları, həmçinin davamlı inkişaf üçün dini və sağlamlıq turizmi çərçivəsində dövlət dəstəyinə dair qarşılıqlı müzakirələrin aparılması və bu sahədə İslam Konfransı Təşkilatına üzv ölkələrə müvafiq tövsiyələrin hazırlanmasından ibarət olan konfransın işində 10 İslam ölkəsindən nümayəndələr iştirak etdi.


İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında imzalanmış sazişin şərtlərinə uyğun olaraq, bu ölkələrin mədəniyyət və turizm sahəsində qarşılıqlı əməkdaşlığının getdikcə genişlənməsi məqsədilə Azərbaycanda fəaliyyət göstərən «Millennium», «İntour», «İmprotex» və «İsr travel» turizm şirkətlərinin bir qrup nümayəndəsi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılığı ilə İordaniya Haşimi Krallığına səfər etdi. Səfər zamanı Azərbaycanda 2009-cu ilin aprel ayında keçiriləcək beynəlxalq turizm sərgisinə İordaniyanın turizm operatorlarının dəvət edilməsi, ölkələrimizin turizm potensialını əks etdirən qısametrajlı sənədli filmlərin və reklam çarxlarının hər iki ölkənin televiziya kanallarında əks etdirilməsi məsələsi müzakirə edildi və razılaşma əldə olundu. 


İyunun 11-12-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının  Turizm üzrə yüksək səviyyəli ekspert qrupunun ikinci iclası keçirildi. Tədbirdə İƏT ölkələri arasında turizm sahəsində əməkdaşlıq, mədəni turizm marşrutlarının yaradılması və turizm məhsullarının qarşılıqlı təşviq olunması, İƏT-ə üzv dövlətlərə turist axınının artırılması, investisiya imkanları, turizm bazarının öyrənilməsi və turizmin təşviqi üzrə fondun yaradılması müzakirə edildi.


Ekspert qrupunun növbəti iclası isə oktyabrın 19-da İranda keçirildi. Bu toplantıda Azərbaycanın adı turizm sahəsi üzrə İKT-ə üzvlər  ən fəal ölkələr sırasında çəkildi. 


2008-ci ildə həmçinin turizm sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması və buna müvafiq olaraq təcrübə keçmək məqsədilə müxtəlif ölkələrə, o cümlədən Misir Ərəb Respublikası, İordaniya Haşimi Krallığı, Yunanıstan Respublikası və Turkiyə Respublikasına mütəxəssislər göndərildi, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən turoperatorlardan ibarət nümayəndə heyəti bu ölkələrlə əlaqələri möhkəmləndirmək, Azərbaycana turist axınını gücləndirmək üçün adıçəkilən məkanlara səfər etdilər.


Bu il hotelçilər üçün də səmərəli keçdi. Azərbaycan Hotel Kompleksləri Assosiasiyası «Turizmin inkişafında mehmanxana komplekslərinin rolu» mövzusunda konfrans keçirdi. Burada hotelçiliyin problemləri araşdırıldı, onların həlli yolları ilə bağlı nazir Əbülfəs Qarayevin tövsiyəsi dinlənildi.
Bundan başqa, Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının birgə layihəsi əsasında yaradılan Bakı Turizm İnformasiya Mərkəzi də bu il ərzində bir çox önəmli layihələrə imza atdı.


Beləliklə, ölkəmizdə turizmin inkişafı yönündə 2008-ci il ərzində görülən işlərə qısa nəzər yetirdik. Nəticə olaraq onu demək istərdik ki, bu sahə Azərbaycanda yeni-yeni təşəkkül tapır. İnkişafda olan hər bir sahədə problemlər və çətinliklər olur. İnanırıq ki, bir neçə ildən sonra ölkəmizin adı turizmdən ən çox gəlir götürən ölkələr sırasında çəkiləcək.

Fəxriyyə ABDULLAYEVA