“YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış rəssam Fərid Rəsulovun “Qurban olum” adlı sərgisi açılıb. Sərgiyə müəllifin yeni hazırladığı heykəllər, rəsm əsərləri və film daxildir.

Azərbaycanı 53-cü və 55-ci Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil etmiş Fərid Rəsulov Azərbaycan və ümumilikdə Şərq ənənələrinə həsr olunmuş əsərləri ilə məşhurdur. O, rəssamlıq, instalyasiya, animasiya, heykəltəraşlıq və 3D qrafikası da daxil olmaqla müxtəlif vasitələrlə işləyir və xalq sənətkarlığından, milli və dini mərasimlərdən ilham alır.

Rəssam “YARAT”da nümayiş etdirilən sərgisi üçün başlanğıc nöqtəsini müsəlmanların müqəddəs Qurban bayramından götürüb. İbrahim peyğəmbərin öz oğlunu Allaha qurban verməyə hazır olduğunun rəmzi olaraq, qurbanlıq heyvan ənənəvi olaraq qohumlar, qurban kəsənin öz ailəsi və ehtiyacı olanlar arasında bölüşdürülür. Lakin son zamanlar bu paylaşmaq ənənəsi status və sərvət göstəricisinə çevrilib.

Fərid Rəsulovun “Yuxuların yuxusu” adlı yeni filminin süjeti bu mövzudadır.

Filmdə xəstəxana palatasında iki həkim bayram münasibətilə paltar geyindirilmiş bir qoyunu parçalayırlar. Həm məzəli, həm də istehzalı olan səhnə bu mərasimlə əlaqələndirilən absurd maddiyyatçılığa diqqəti çəkir.

Sərgi həftənin II–V günləri, saat 12:00-dan 20:00-dək ziyarət üçün açıqdır. Binaya eyni vaxtda 6 nəfər daxil ola bilər. Tibbi maskadan istifadə zəruridir.