Pandemiya dövründə ədəbiyyat haqqında

Hamımız, elə hamımızın evi olan qoca dünyamız da çətin sınağını yaşayır. Koronavirus adlı bir bəlanın tuği-lənət olub bütün bəşəriyyətin boğazına keçməsi bir yana, əlac kimi adamları bir-birindən ayırması, araya məsafələr salması daha betər əzaba çevrilib. Pandemiya teatr, konsert məkanlarının qapılarını bağlayıb, sənət adamlarını o məkanlardan perik salıb.

Mənzərənin şərhini vermək üçün bu vəziyyətin yaradıcı prosesə, yazı-pozu, ovqat adamlarının ruhuna necə təsir göstərdiyini öyrənmək istədik.  Koronavirusun dünya insanını ağır məngənəyə saldığı bu günlərdə mətbuatda dönə-dönə epidemiyalarla bağlı filmlər, fərqli incəsənət nümunələri haqqında yazılıb. Bədii nəsrə nəzər saldıqda da epidemiyalar, pandemiyalar barədə yetəri qədər əsərə rast gəlirik. Maraqlıdır ki, onların bir çoxu məhz o xəstəliklərin tüğyan etdiyi dövrdə qələmə alınmışdır. Nümunə üçün italyan ədibi Covanni Bokkaççonun “Dekameron”, ingilis yazıçısı Daniel Defonun “Vəba ilinin gündəliyi”, fransız yazıçısı Alber Kamyunun “Taun” əsərlərini göstərə bilərik.

Onu da qeyd edək ki, COVİD-19 pandemiyasının başlamasından az sonra Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə bu mövzuda hekayə müsabiqəsi keçirdi. Müsabiqəyə 200-ə yaxın nümunə təqdim olundu, onların içərisindən bir neçəsi seçilərək müvafiq  nominasiyalar üzrə qiymətləndirildi.

Biz də müxtəlif nəsil yazarlarımızdan pandemiyanın yaradıcılıqlarına nə kimi təsir etdiyini, son aylarda nə yazıb-yaratdıqlarını və o nümunələr içərisində koronavirus mövzusunun olub-olmadığını soruşduq.

Xalq yazıçısı Mövlud Süleymanlı mövzuya fərqli rakursdan baxaraq ümumən bu kimi bəşəri bəlaları insanlar arasında münasibətlərin, bəşəri tarazlığın pozulması ilə əlaqələndirdi. Onun fikrincə, mənəvi-əxlaqi dəyərlərin aşınması, insanın dünyaya hakim olmaq iddiaları və acgözcəsinə təbiəti ram etmək xülyaları zaman-zaman belə bəlalara rəvac verir: “Bədii yaradıcılığa gəlincə, mənim yazmaq əzmimi heç bir virus, heç bir təcrid, məhdudlaşdırma sındıra bilməz. Əksinə, mövzu zənginliyi və yazmaq üçün asudə vaxt yaranır ki, mən də bundan istifadə etməyə çalışıram. İnsanlığın başına gələn bu kimi bəlalar hər zaman olub. Pandemiya, epidemiya, kütləvi yoluxma, kütləvi qırğın kimi ifadələr zaman-zaman dünya adamının əzbərinə çevrilsə də, bunlar ötəri olub. İnşallah, bu da keçər və bizlər ruhi olduğu kimi, cismi azadlığımıza da qovuşarıq. Konkret koronavirus mövzusunda nə isə yazmağı hələ ki düşünmürəm. İnsanın o azğın bəlanı ram etməsini, insanlığın ondan qurtuluşunu gözləyirəm”.

Yazıçı-dramaturq İlqar Fəhmi “Çipləmə və ya kimin göbəyi” adlı antiutopik pritça yazaraq məsələyə özünəməxsus baxışını aylar əvvəl nümayiş etdirib, ona sarkazmla cavab verib. Ümumən karantin zamanında isə yaradıcılıqdan əl çəkməyib, əksinə, məhsuldar fəaliyyət göstərib: “Bir neçə ssenari üzərində işlədim. Üç böyük hekayəm “Ədəbiyyat” qəzetində dərc olundu. Bundan başqa, 10 seriyalıq satira üzərində qurulmuş  kinoserial işlədik və bu ay ARB kanalında nümayişinə başlanacaq. Ümumən bekar dayanmırıq. Zatən yazı əhli oturaq şəraitdə, bir az da qapalı işləyir. Bu mənada mən bu vəziyyətə elə də yadırğamadım”.

Məhsuldar dramaturji fəaliyyəti ilə seçilən və müasir zamanın problemlərini teatr səhnəmizə gətirən Əməkdar incəsənət xadimi Əli Əmirli isə koronavirus vahiməsi altında yaşadığımız bu aylar ərzində həyatımızın məzmununun tam dəyişdiyini deyir: “Hamımız üçün  “Evdə qal” şüarını yerinə yetirmək çox çətin başa gəldi. Qəribəsi o oldu ki, asudə vaxt çox olsa da, yazmaq istəyi buxarlanıb yox olmuşdu, əvəzində bir çaşqınlıq yaranmışdı. Bildiyiniz kimi, mən yaradıcılıqla yanaşı, həm də pedaqoji fəaliyyətlə məşğulam, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professoruyam, iyirmi ildir bədii yaradıcılıqdan dərs deyirəm. Odur ki, çaşqınlığı aradan qaldırmaq və faydalı bir iş görmək üçün Amerika kino mütəxəssisi Linda Segerin məşhur “Yaxşı ssenarini necə əla etməli?” kitabını dilimizə çevirdim ki, tələbələrimiz ondan dərs vəsaiti kimi istifadə edə bilsinlər.

Bu, faydalı iş olsa da, bir dramaturq kimi məni sakitləşdirə biləcək orijinal yaradıcılıq işi deyildi. Amma bu tərcümə məni yaradıcılıq yoluna qaytardı və çox qısa bir zamanda “Mələk əmi” adlı novella yazdım. Artıq “Azərbaycan” jurnalında dərc edilib. Novellanı bitirən kimi çoxdan bəri haqqında düşündüyüm, amma yazmağa tərəddüd, bəlkə də cəsarət etmədiyim bir mövzunu reallaşdırdım. Azərbaycan teatrının iki məşhur aktrisasının dramatik taleyindən bəhs edən “Pərdəsiz” adlı pyesim də pandemiya dövrünün məhsulu oldu. Mən koronavirusa, onun yaratdığı pandemiyaya aid bir şey yaza bilərdim, özü də komediya janrında, alınmadı, bu mövzu heç cür çəkmədi məni, amma həm “Mələk əmi”nin, həm də “Pərdəsiz”in yazılma tarixində “Koronavirus dövrü” sözlərini əlavə etdim.

Biz bu pandemiyaya nə qədər nikbinliklə, bəzən də zarafatla yanaşsaq da, əslində, o bizim həyatımızı çox ciddi şəkildə dəyişdi, sevdiyimiz, vərdiş etdiyimiz yaşam tərzini itirdik. Elə bu qənaətlərim nəticəsində “İtirdiyimiz xoşbəxtlik” adlı kiçik bir esse də yazdım”.

Şair, publisist, tərcüməçi Əjdər Ol bu müddətdə daha çox məqalələr yazdığını deyir: “Ümumiyyətlə, ziyalı üçün, yazıçı üçün bir məhdudiyyət var: vaxt və xəlvətə çəkilmək baxımından pandemiyadan əlavə özləri özlərinə məhdudiyyətlər yaradırlar. Çünki yaradıcılıq bunu sevir, bunu tələb edir. Pandemiya, əlbəttə, bəşəriyyəti məhdudiyyətə məhkum etdi, insanların canlı ünsiyyəti zəiflədi. Təbii ki, bütün bunlar yaradıcılığa da mənfi təsir etdi, əlaqələri zəiflətdi. Yaxşı ki, bu virus, bu təcrid düşüncəyə mane olmur, onun məhsuldarlığını zəiflətmir. Hər halda mənəviyyatımıza təsir elədi, bizdə dərin izlər qoydu. Bizə həm də onunla yaşamağı öyrətdi.

Bu aylarda daha çox məqalələr, şeirlər yazmışam. Bir neçə hekayə də ərsəyə gəlib və dərc olunub. Konkret bu mövzuda nə isə yazmağa gəlincə, ümumən konyunktura mövzularda elə də yazmağı sevmirəm. Koronavirus mənim üçün yazıçı materialına hələ ki çevrilməyib”.

Yeni nəsil yazarlardan Mirmehdi Ağaoğlu və Cavid Zeynallının da fikirlərini öyrəndik.

Cavid Zeynallı deyir ki, karantin günlərində bu mövzuda “25 il sonra” adlı hekayə yazaraq məsələyə özünəməxsus biçimdə baxmağa çalışıb: “Hekayə 25 il əvvəl uşaqlığının qəhrəmanı olan, pandemiya günlərində koronavirusa yoluxmuş qocanı xilas etmək istəyən həkim haqqındadır. Hələ ki, dərc olunmayıb, amma sentyabr ayı ərzində çap etdirməyi düşünürəm.

Karantin günlərində daha çox köhnə yazılarımı bir yerə yığıb redaktə etməklə məşğul oldum. Buna çoxdan idi vaxt tapa bilmirdim, yaxşı fürsət oldu. Hekayələr və pyeslər kitabım çapa hazırdır. Bu il ərzində pyeslərimi və Lev Tolstoy, Per Lagerkvist, Andre Morua və Çingiz Aytmatovdan səhnələşdirdiyim əsərləri kitab halında çap etdirəcəyəm. Növbəti ilin əvvəlində isə hekayələrim işıq üzü görəcək.

Bundan başqa, ötən ay Türkiyədə “Coğrafiya müəlliminin pencəyi” adlı hekayələr kitabım çap olundu. Kitab Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində  “Azərbaycan ədəbiyyatı – Gənclik seriyası”nda işıq üzü görüb. Ümumən, bu aylar ədəbi fəaliyyətlə məşğul olanlar üçün yaxşı fürsət oldu”.

Jurnalistlik fəaliyyəti ilə yanaşı, davamlı bədii yaradıcılığı ilə də seçilən Mirmehdi Ağaoğlu deyir ki, yaradıcı adamların işi zatən təkliyə çəkilməkdir: “Karantin mənə xüsusi neqativ təsir etmədi, əksinə, bir az hədiyyə kimi gəldi. Ən azı yarımçıq qalan yazı-pozu işlərimi gördüm. Ümumən proses hələ davam edir və düşünürəm ki, hələ o mövzuda bir çox rakurslardan münasibət göstəriləcək, çoxlu yazı materialı olacaq. Koronavirusla bağlı mənim də ağır təcrübəm oldu, yoluxma şübhəsi ilə analizlər verdim, xəstəxanaya müraciət etdim və bütün bunları bir yazı halına saldım. Hekayə “Bayramdan bir gün qabaq” adlanır. Təbii ki, məsələyə baxışım bununla yekunlaşmır, zaman-zaman  bu virusun, onun meydana gətirdiyi fiziki-mənəvi ağrıların, məhkum etdiyi qadağaların bədiiləşmiş ifadəsini tapıb, yazıya çevirəcəyəm. Artıq beynimdə bir neçə hekayənin mövzusu da var”.

Həmidə NİZAMİQIZI