Pandemiyanın iqtisadi statistikası qabarır

Koronavirus pandemiyasının vurduğu zərərdən sonra dünya iqtisadiyyatı bərpa olunur, lakin bu proses bəzi amillərə görə bir qədər ləngiyə bilər.

“Bloomberg” agentliyinin beynəlxalq ekspertlərin fikirlərinə yer verən məqaləsində bu barədə bəhs olunur. Məqalədə sözügedən amillər sırasında koronavirusa qarşı vaksinin hazırlanması prosesi başa çatanadək qış aylarında infeksiyanın yeni yayılma dalğası, iqtisadiyyata dəstək üzrə proqramın vaxtından əvvəl yekunlaşdırılması və s. qeyd olunur.

Bildirilir ki, müxtəlif ölkələrdə iqtisadiyyatın stimullaşmasına xərclənən ümumi vəsait artıq 20 trilyon dollara çatıb. Bu vəsaitin tətbiqi çox vaxt uğurlu alınıb. Avstraliya Milli Universitetinin və “Brookings” İnstitutunun eksperti Uorik Makkibbinin hesablamalarına görə, koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ümumi zərər 35 trilyon dollara çata bilər. Analitik hətta vaksin hazırlandıqdan sonra belə onun lazımi sayda istehsal edilməsi üçün zamana ehtiyac olduğunu deyib. “İqtisadi zərər aradan qaldırılana qədər əhalinin əhəmiyyətli hissəsi peyvənd olunmalıdır”, - deyə o bildirib.

İLONA