Azərbaycan

 

12 sentyabr 1887 – Görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli (1887 – 3.1.1943) Şuşada doğulub. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbulda səfiri olub, sonra mühacirətdə yaşayıb, 1926-cı ildə Azərbaycana qayıdıb. 1940-cı ildə həbs olunub, Rusiyanın Nijni Novqorod vilayətində həbs düşərgəsində vəfat edib. “İki od arasında” (“Qan içində”) tarixi romanının, “Qızlar bulağı”, “Bir cavanın dəftəri” və s. əsərlərin müəllifidir.

12 sentyabr 1921 – Şair, dramaturq Novruz Gəncəli (Novruz İsmayıl oğlu Sadıqov; 1921 – 19.10.1995) anadan olub. C.Bаyronun şeirlərini, B.Brехtin “Kurаj аnа və uşаqlаrı” pyesini Azərbaycan dilinə çevirib.

12 sentyabr 2001 – Yazıçı, tərcüməçi Manaf Fərəc oğlu Süleymanov (3.3.1912 – 2001) vəfat edib. Köhnə Bakı haqqında “Eşitdiklərim, oxuduqlarım və gördüklərim” adlı tarixi-ensiklopedik kitabın, “Dalğalar qoynunda”, “Fırtına”, “Zirvələr” və s. romanların müəllifidir.

 

13 sentyabr 1893 – Əməkdar artist, opera müğənnisi Əli Əbdül oğlu Zülalov (1893-1963) Şuşada anadan olub.

13 sentyabr 1933 – Görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik, Dövlət mükafatı laureatı Arif Cahangir oğlu Məlikov (1933 – 9.5.2019) Bakıda doğulub. “Məhəbbət əfsanəsi” baleti, “Dalğalar” operettası, “Füzuli”, “Vətən”, “Metamorfozlar” simfonik poemaları, 8 simfoniya və s. əsərlərin müəllifidir. Filmlərə (“Sehrli xalat”, “Axırıncı aşırım”), tamaşalara musiqi yazıb. Bakı Musiqi Akademiyasının professoru olub.

13 sentyabr 1969 – Xalq rəssamı İsmayıl Hüseyn oğlu Axundov (15.4.1907 – 1969) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının ilk sədri olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb. “Koroğlu” operasının ilk geyim eskizlərinin yaradılmasında iştirak edib.

 

14 sentyabr 1880 – Yazıçı İbrahim Mehdi bəy oğlu Musabəyov (1880-1942) Qəbələdə anadan olub. Yazıçının “Neft və milyonlar səltənətində” povesti əsasında 1916-cı ildə Azərbaycanın ilk tammetrajlı bədii filmi çəkilib. Qazaxıstanın Karaqanda şəhərində sürgündə vəfat edib.

14 sentyabr 1911 – Şair, dramaturq, ədəbiyyatşünas Müzəffər Qasım oğlu Nəsirli (1911-1980) Naxçıvan MR Şahbuz rayonu Sələsüz kəndində anadan olub.

14 sentyabr 1939 – Yazıçı-dramaturq Aslan Qəhrəman oğlu Qəhrəmanlı (1939 – 19.1.2014) Ağstafa rayonunun Yenigün kəndində doğulub. Televiziyada ekranlaşdırılmış “Səni axtarıram”, “Bağışla” və “Səndən xəbərsiz” pyeslərinin, povest və hekayələrin müəllifidir.

14 sentyabr 1941 – Əməkdar incəsənət xadimi, kinorejissor Teymur Bəkir oğlu Bəkirzadə (1941-1996) Bakıda doğulub. “Azərbaycanfilm” kinostudiyasında sənədli və bədii (“Rəqiblər”, “Yol əhvalatı”) filmlərə quruluş verib.

14 sentyabr 1949 – Əməkdar artist Sona Qədir qızı Mirzəyeva (1949-1985) Bakıda doğulub. İrəvan Azərbaycan, Naxçıvan teatrlarının aktrisası olub. 

14 sentyabr 1992 – Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu; 15.6.1924 – 1992) vəfat edib. Azərbaycan Aşıqlar Birliyinin sədri olub.

 

15 sentyabr 1905 – Azərbaycanda kukla teatrının yaradıcısı, aktyor, rejissor Molla Ağa Bəbirli (1905 – 22.10.1970) Bakıda anadan olub. “O olmasın, bu olsun”, “Bir məhəllədən iki nəfər”, “Sehrli xalat” filmlərində çəkilib, Akademik Dram Teatrında çıxış edib.

15 sentyabr 1918 – Nuru paşanın komandanlığı altında Azərbaycan-türk (Osmanlı) Qafqaz İslam Ordusu Bakını “Sentrokaspi diktaturası” və daşnak qüvvələrindən azad edib.

15 sentyabr 2007 – Xalq rəssamı Elbəy Mirzə Həsən oğlu Rzaquliyev (17.6.1926 – 2007) vəfat edib. “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.

 

Dünya

 

12 sentyabr 1921 – Polyak satirik yazıçısı Stanislav Lem (Stanislaw Lem; 1921-2006) anadan olub. Əsərləri: “Solyaris”, “Səmanın səsi”, “Yerdə sülh”, “Aldebarandan müdaxilə” və s.

 

13 sentyabr 1874 – Avstriya bəstəkarı Arnold Şönberq (Arnold Franz Walter Schoenberg; 1874-1951) anadan olub. Musiqidə ekspressionizmin nümayəndəsi, “Moisey və Aaron” operası, “İntizar” monodramı və s. əsərlərin müəllifidir.

13 sentyabr 1894 – İngilis yazıçısı və dramaturqu Con Boynton Pristli (John Boynton Priestley; 1894-1984) anadan olub. Əsərləri: “Mehriban dostlar”, “Mələk küçəsi”, “London dalanı”, “Cənnət guşəsi” (pyeslər), “Qretlidə qaranlıq” (roman) və s.

13 sentyabr 1905 – Fransız əsilli Amerika aktrisası, “Oskar” laureatı Klodet Kolber (Claudette Colbert – Lily Claudette Chauchoin; 1905-1996) anadan olub. Filmləri: “Kleopatra”, “Bu bir dəfə gecə baş verib”.

13 sentyabr 1924 - Fransız bəstəkarı Moris Jarr (Maurice Jarre; 1924-2009) anadan olub. 100-dən çox filmə musiqi yazıb, beynəlxalq mükafatlara layiq görülüb.

 

14 sentyabr 1321 – İtalyan şairi Dante Aligyeri (Dante Alighieri; 15.5.1265 – 1321) vəfat edib. İntibah ədəbiyyatının şah əsərlərindən olan “İlahi komediya” poemasının müəllifidir. Axirət dünyasına səyahəti təsvir edən poema üç hissədən (“Cəhənnəm”, “Əraf”, “Cənnət”) ibarətdir.

14 sentyabr 1618 – Holland əsilli ingilis rəssamı Piter Leli (Peter Lely - Pieter van der Faes; 1618-1680) anadan olub.

14 sentyabr 1898 – Rus aktyoru, SSRİ Xalq artisti Mark Prudkin (1898-1994) anadan olub. Filmləri: “Karamazov qardaşları”, “On iki stul” (1976) və s.

 

15 sentyabr 1789 – Amerika yazıçısı Ceyms Fenimor Kuper (James Fenimore Cooper; 1789 – 14.9.1851) anadan olub. Tarixi və macəra romanlarının müəllifidir: “Casus”, “Dəniz qulduru”, “Losman”, “Sonuncu mogikan”, “Ləpirçi” və s.

15 sentyabr 1890 – İngilis yazıçısı, detektiv əsərlərin müəllifi Aqata Kristi (Agatha Mary Clarissa; 1890 – 12.1.1976) anadan olub. Əsərləri: “Rocer Ekroydun qətli”, “Yarımçıq portret”, “Şərq ekspressində qətl”, “Nildə ölüm” və s.

15 sentyabr 1894 – Fransız kinorejissoru, “Oskar” laureatı Jan Renaur (1894-1979) anadan olub. Filmləri: “Böyük illüziya”, “Marselyoza”, “Fransız kankanı” və s.

15 sentyabr 1914 – Türk yazıçısı Orxan Kamal (Mehmet Raşit Öğütçü; 1914 – 2.6.1970) Adananın Ceyhan qəsəbəsində doğulub. “Baba evi”, “Cəmilə”, “Yad qızı”, “Qürbət quşları” kimi romanları, “Çörək davası”, “Arxa küçə” və s. hekayələri yazıçıya geniş oxucu rəğbəti qazandırıb.

15 sentyabr 1925 – Rus aktyoru, SSRİ Xalq artisti Kirill Lavrov (1925-2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Odun ram edilməsi” və s.

Hazırladı:  Vüqar ORXAN