Günay Fərədova:
«Bu ölkədə keçirilən beynəlxalq turizm
sərgilərində mütəmadi olaraq iştirak edirik»

Yanvar ayı ərzində Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanı təmsil etdiyi beynəlxalq sərgilərdən biri də Avstriyanın paytaxtı Vyana şəhərində baş tutub. 3 gün davam edən tədbirdə ölkəmizi nazirliyin Turizm Şöbəsinin Analitik təhlil və proqram təminatı sektorunun aparıcı məsləhətçisi Günay Fərədova və Daxili turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil Kəlbəliyev təmsil edib.

Günay Fərədovanın qəzetimizə verdiyi məlumata görə, Avstriyada beynəlxalq turizm sərgiləri tez-tez təşkil edilir və Azərbaycan da artıq bir neçə dəfə bu sərgilərin iştirakçısı olub: «Biz bu ölkədə təşkil edilən sərgilərdə mütəmadi olaraq iştirak edirik və hər il də Azərbaycana, onun turizm potensialına marağın getdikcə artdığının şahidi oluruq. Özümüzlə ölkəmiz haqqında daha dolğun məlumatlar olan reklam-çap məhsulları aparmışdıq və demək olar ki, onların hamısını payladıq».

Nazirlik sözçüsü onu da bildirdi ki, orda olarkən Avstriyanın bəzi turizm şirkətləri ilə də əməkdaşlıqla bağlı əlaqələr qura biliblər: «Bu ölkənin insanlarında Azərbaycana böyük maraq var. Orada fəaliyyət göstərən kütləvi informasiya vasitələri, hətta bəzi beynəlxalq səviyyəli jurnallar ölkəmiz haqqında məqalələr hazırlamaq üçün bizə müraciət etdilər. Yəqin ki, bu materiallar həmin ölkənin KİV-lərində bugünlərdə dərc ediləcək. Onu da bildirim ki, bunun özü də ölkə turizminin tanıdılması yönündə bir reklamdır».

G.Fərədovanın dediyinə görə, Avstriya sərgisində ölkəmizin turizm potensialını nümayiş etdirmək üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 24 kvadratmetrlik lövhə icarəyə götürülüb.

F.Abdullayeva