Azərbaycan Yazıçılar Birliyi ilə “Ulduz” jurnalının birgə layihəsi olan “Ulduzlu nəşrlər”in sonuncu – “Düşüncənin göy üzü” adlı kitab işıq üzü görüb.

Tərtibçi-müəllifi filologiya elmləri doktoru Cəlal Bəydili olan kitabda Ayzek Azimovdan Ernst Şumaherə qədər fikir adamlarının həyatın bütün sahələrinə aid müdrik sözləri və mülahizələrindən ibarət aforizmləri yer alıb.

Qeyd edək ki, layihə çərçivəsində gənc müəlliflərin kitablarından ibarət nəşrlər “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC-də nəfis şəkildə çap olunaraq “Ulduz” jurnalının oxucularına pulsuz təqdim olunur. Bu ilin may ayına kimi layihə üzrə səkkiz nəşr işıq üzü görüb. May ayından sonra “Ulduz”un əməkdaşı, mərhum şair Fərqanə Mehdiyevanın “Gedirəm torpağı qucaqlamağa” adlı şeirlər və gənc yazıçı-tərcüməçi Xanım Aydının “Kitab xəstəsi” (Herman Hesse) adlı tərcümə kitabları oxucuların ixtiyarına verilib.