Xəbər verdiyimiz kimi, paytaxtın tarixi yaşayış məntəqələrindən olan Balaxanıda son zamanlar həyata keçirilən genişmiqyaslı abadıq işləri qəsəbənin simasını inanılmaz dərəcədə dəyişib. XIX əsrin ikinci yarısında Bakının neft şəhəri kimi dünyaya tanıdılmasında xüsusi rolu olan və uzun illər bunun ağır ekoloji mirasını da daşıyan Balaxanı indi mədəni turizm məkanına çevrilir.

Qəsəbədə tariximizə şahidlik edən abidələr – karvansara, türbə, məscid, Qum hamamı, taxıl anbarlarının bir qismi günümüzə qədər gəlib çatıb. Balaxanı qəsəbəsinin əsas tarixi hissəsində – Dirçəliş və Səfəvilər küçələrində başdan-başa restavrasiya işləri aparılıb, qəsəbənin ötən əsrin əvvəllərindəki tarixi şöhrətinin qaytarılması istiqamətində işlər gedir.

Yenilənmə və abadlaşma mərhələsindən sonra burada çoxsaylı reportajlar və layihələr həyata keçirilir.

Bunlardan biri “Absheron Group” şirkəti tərəfindən həyata keçirilən “Məşhur filmlər Balaxanıda çəkilərdisə” adlı layihədir. Layihə üzrə Balaxanının restavrasiya olunmuş küçə və məkanlarında qraffitilər, mini kafe və mağazalar önündə dünya kinosunun  məşhur qəhrəmanları və filmlərdən kadrlar təsvir olunub. Layihə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. “Joker”, “Jon Uik”, “Harri Poter” və digər filmlərin qəhrəmanlarının  Balaxanı küçələrindəki macəraları fotoları görən hər kəsdə qəribə hekayələr uydurmaq düşüncəsi yaradır.

Artıq bir neçə ildir “Xəzər” televiziyası ilə yayımlanan  “Ata ocağı” serialının yeni mövsüm üçün Balaxanı qəsəbəsində aparılmış çəkilişlərindən fotolar da maraq doğurur. Fotolar filmin yaradıcı heyətinin maraqlı bir çəkiliş günü yaşadığından xəbər verir.

LALƏ