Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi kitabxanası “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda onlayn tədbir keçirib. Tədbir zamanı ümummilli lider Heydər Əliyevin uşaqlara diqqət və qayğısından, onlara verdiyi dəyərdən danışılıb. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət onlayn sərgi təqdim olunub.

Gəncə şəhər Mərkəzi kitabxanası Abonement şöbəsinin baş kitabxanaçısı Afaq Bağırova Amerika yazıçılarının kitablarının onlayn təqdimatını təşkil edib.

Regional idarənin əhatə etdiyi Goranboy rayon Mərkəzi kitabxanasının əməkdaşları “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda videokonfrans keçiriblər. Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Elgün Teymurzadə narkomaniyanın fəsadları barədə ətraflı məlumat verib, bəşəri bəlaya qarşı mübarizənin zəruriliyini qeyd edib.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon MKS-nin Aşağı Göyçəli kənd kitabxana filialı “Əbdürrəhim bəy Haqverdiyev -150” başlığı altında oxucularla görüş keçirib. Sanitar-gigiyenik tələblərə əməl edilməklə gerçəkləşən görüşdə kitabxanaçı Nigar Mahmudova iştirakçılara yazıçının yaradıcılığı haqqında geniş məlumat verib.

Tovuz rayon MKS-də “Beynəlxalq sülh aylığı”na (21 avqust - 21 sentyabr) həsr olunmuş “Biz sülh istəyirik” mövzusunda tədbir keçirilib. MKS-nin direktoru Güldərən İbrahimova çıxış edərək Beynəlxalq Sülh Gününün (21 sentyabr) tarixi haqqında məlumat verib.

Tovuz rayon Heydər Əliyev Mərkəzi gənclərdə hərbi-vətənpərvərlik hisslərinin möhkəmləndirilməsi məqsədilə “Unudulmaz qələbə” mövzusunda videokonfrans keçirib. Tədbirdə ordumuzun 2016-cı ilin Aprel döyüşlərindəki zəfərindən söz açılıb. 

Tovuz rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar təşkil olunub. Mərkəzə gələn ziyarətçilərə ulu öndərin həyat və fəaliyyəti, zəngin siyasi irsi haqqında məlumat verilib. Ziyarətçilər “Şəxsiyyət və Zaman” sənədli filmini izləyiblər.

Qazax rayon Mədəniyyət Mərkəzinin Sarıvəlli kənd Folklor klubunun əməkdaşları C.N.Hacıyev adına İkinci Şıxlı kənd xəstəxanasında koronavirusla bağlı maarifləndirici tədbir keçirib. Tədbirdə xəstəxananın həkimləri dünyanı bürümüş bu qorxunc xəstəliyin simptomları və fəsadları haqqında geniş məlumat veriblər.

Qazax rayon MKS-nin Uşaq şöbəsi yazıçı-dramaturq Əli Səmədlinin 90 illiyinə həsr olunmuş onlayn “nağıl saatı” keçirib. MKS-nin direktoru Solmaz Babanlı uşaqlara vətənsevərlik hisslərinin aşılanması üçün belə tədbirlərin əhəmiyyətini qeyd edib. Kitabxanaçı Gülbəsti Musayeva Əli Səmədlinin “Bir parça torpaq” nağılını oxuyub.

***

Bəxtiyar Vahabzadənin ev-muzeyinin əməkdaşları əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovun ev-muzeyini ziyarət ediblər. Qəhrəmanın oğlu Cavanşir Cəbrayılov ziyarətçiləri muzeylə tanış edib və atasının Böyük Vətən müharibəsində və Fransa Müqavimət hərəkatındakı döyüş yolundan danışıb.

Balakən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) fəaliyyəti növbəti videokonfransda müzakirə olunub. MKS-nin direktoru Məryəm Tağıyeva sentyabr ayında görüləcək işlərdən danışıb, müxtəlif mövzularda videoçarxların, onlayn kitab təqdimatlarının təşkili barədə söhbət açılıb.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-nin 19 saylı Üçoğlan kənd kitabxanası üç ailəyə səyyar kitabxana xidməti göstərib. Dünyada həyatı və yaradıcılığı ən çox öyrənilən yüz şəxsiyyətdən biri olan Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri barədə məlumat verilib.

***

Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi məktəblərində yeni tədris ilinə hazırlıqlar başlayıb. Sinif otaqlarında dezinfeksiya işləri aparılıb. Otaqlar spirt və tibbi maska ilə təmin olunub.

***

Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə müəssisələrin iştirakı ilə “Kitabxanalarda görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda videokonfrans keçirilib.

***

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ rayon Mədəniyyət Mərkəzinin videokonfrans formatında növbəti iclası keçirilib. Mərkəzin direktoru Malik Ağayev müvafiq plan üzrə nəzərdə tutulan tədbirlərin onlayn şəkildə təşkil edilməsi barədə tapşırıqlar verib.

Qobustan rayonundakı mədəniyyət müəssisələrinin də videokonfrans formatında iclası təşkil olunub. İsmayıllı Regional Mədəniyyət İdarəsinin Qobustan rayonu üzrə nümayəndəsi Həsrət Şabili onlayn iclasda çıxış edib, müzakirələr aparılıb.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon MKS-nin Uşaq şöbəsi Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun 110 illiyi ilə əlaqədar videoçarx hazırlayıb. Tərtər rayon Mədəniyyət Mərkəzinin filialı Evoğlu kənd Mədəniyyət evi isə Milli Qəhrəmanlara həsr olunmuş videoçarx ərsəyə gətirib.

Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı – 4 nömrəli şəhər klubu “Könüllülər ili” ilə əlaqədar videoçarx hazırlayıb.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Uşaq şöbəsinin təşkilatçılığı ilə “Yaşamaq üçün oxu” adlı onlayn tədbir keçirilib. Uşaq şöbəsinin oxu zalının müdiri Rima Seyfullayevanın apardığı tədbirdə fəal oxucular kitaba, mütaliəyə dair şeirlər söyləyiblər.

Quba rayon Mərkəzi kitabxanası Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə görkəmli tarixçi, Əməkdar elm xadimi, professor Mahmud İsmayılovun (1920-2001) 100 illiyi ilə əlaqədar “Unudulmaz alim” mövzusunda  onlayn tədbir keçirilib. Şöbə müdiri Zəmirə İskəndərova qeyd edib ki, Mahmud İsmayılov onlarla monoqrafiyanın, o cümlədən üçcildlik “Azərbaycan tarixi” kitabının əsas müəlliflərindən biri olub.

Nurəddin MƏMMƏDLİ