“Toğrul Hüseynli – Azərbaycan” sözlərini eşitmək mənim üçün böyük şərəf idi”

Gənc azərbaycanlı pianoçu Toğrul Hüseynli Almaniyanın Aaxen (Aachen) şəhərində keçirilən Pianoçuların XVI  Motsart Beynəlxalq Müsabiqəsinin qalibi olub.

Pianoçuların Motsart Beynəlxalq Müsabiqəsi Avropanın ən nüfuzlu musiqi ifaçılığı yarışmalarından biridir. 7-11 sentyabr tarixində təşkil olunan sayca 16-cı müsabiqə yeniyetmə-gənc  A və B kateqoriyaları və peşəkar kateqoriyası üzrə keçirilib.

İştirakçıların ifasını tanınmış pianoçular – professorlar Andreas Frölix (Frölich; münsiflər heyətinin sədri, Almaniya), İlya Şeps (Rusiya), Vilçenzo Balzani (İtaliya), Paolo Baglieri (İtaliya), Katya Avdeyeva (Rusiya-İsveç) və Filip Raskin (Belçika) və başqaları qiymətləndirib.

Müsabiqənin iki mərhələsi Aaxen Konservatoriyasında, final mərhələsi isə Aaxen şəhərinin məşhur Bal zalında (Ballsaal – Altes Kurhaus) keçirilib.

Müsabiqə mövcud pandemiya şərtlərinin yumşaldılmasından sonra ənənəvi qaydada keçirilən ilk beynəlxalq sənət yarışması kimi Almaniya mətbuatında geniş işıqlandırılıb.

Müsabiqənin 2-ci və 3-cü mərhələləri “Youtube” kanalı vasitəsilə canlı yayımlanıb.

Mürəkkəb proqram şərtləri olan müsabiqəyə peşəkar kateqoriyası üzrə İtaliya, İngiltərə, ABŞ, Yaponiya, Çin, Cənubi Koreya, Tayvan, Rumıniya, Ukrayna, Rusiya, Serbiya, Polşa, Almaniya və Azərbaycandan 30 ifaçı qatılıb.

Onlardan yalnız 8 pianoçu ikinci mərhələyə keçə bilib. İkinci mərhələdə 40 dəqiqəlik proqramla çıxış edən həmyerlimiz Toğrul Hüseynli R.Şumanın “Simfonik etüdlər” silsiləsi və L.V.Bethovenin  “Avrora” sonatasını ifa edib.

Müsabiqənin finalına 3 iştirakçı – Toğrul Hüseynli, Ukrayna və Çin pianoçuları keçib. Finalda Toğrul Hüseynli V.A.Motsartın KV310 və S.Prokofyevin 7 saylı sonatalarını yüksək səviyyədə ifa edərək digər iki həmkarını geridə qoyub və birinci dərəcəli mükafatı qazanıb.

Müsabiqənin rəsmi saytında yer alan məlumata görə, 1-ci mükafat 4000 avro, 2-ci mükafat 1500, 3-cü mükafat isə 1000 avro təşkil edir.

***

“Sənədlərimi müsabiqəyə yollayandan sonra avqust ayında çox gərgin iş prosesinə, hazırlıq məşqlərinə başladım. Almaniyanın ən nüfuzlu müsabiqələrindən birində iştirak etməyin mənim gələcək planlarıma çox böyük müsbət təsir edəcəyini də düşünürdüm.  Birinci mərhələdən finala kimi uğurla çıxış etdim. Qələbə mənə sevinc gətirdi. Son bir ayda çəkdiyim zəhmətin bəhrəsi idi. Mənə sevinc və qürur gətirən həm də o idi ki,  müsabiqədə vətənim Azərbaycanı təmsil edirdim. Qalib olduğum zaman adım çəkiləndə “Toğrul Hüseynli – Azərbaycan” deyilməsi mənim üçün böyük şərəf idi”.

Almaniyada yaşayan həmyerlimizlə müsahibə qəzetimizin növbəti sayında...