77-ci Venesiya Film Festivalının mükafatları paylandı

2-12 sentyabr tarixində keçirilən 77-ci Venesiya Film Festivalı başa çatıb. Qeyd edək ki, bu, pandemiya səbəbindən bir çox festivalların təxirə salınmasından sonra təşkil olunan A kateqoriyasına aid ilk böyük kino forumu idi. Bəlli səbəblərdən festivalın geniş qala mərasimi keçirilməsə də, iştirakçılar açıq havada qırmızı xalı üzərindən keçərək xatirə fotoları çəkdiriblər.

Xəbər verdiyimiz kimi, müstəqilik dövrü kino tariximizdə ilk dəfə olaraq Azərbaycan filmi Venesiya Film Festivalının müsabiqə proqramında yer alıb. Rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” (“İn Between Dying”) filmi sentyabrın 11-də nümayiş olunub.

Təqdimatdan öncə rejissor Hilal Baydarov, quruluşçu operator və prodüser Elşәn Abbasov, baş rolların ifaçıları Orxan İsgəndərli və Rəna Əsgərova festivalın fəxri qonaqları kimi qırmızı xalı üzərindən keçiblər. Onları festivalın direktoru Alberto Barbera müşayiət edib.

Sentyabrın 12-də festivalın  qalib və mükafatçıları elan olunub. Mərasim festivalın internet saytı üzərindən yayımlanıb.

77-ci Venesiya Film Festivalının əsas mükafatını – “Müqəddəs Markın “Qızıl şir” heykəlciyini ABŞ-da fəaliyyət göstərən Çin əsilli rejissor Xloy Cjaonun çəkdiyi “Köçərilər yurdu” (“Nomadland”) filmi qazanıb. Frensis Makdormendin baş rolu oynadığı film evini itirən bir qadının həyat hekayətindən bəhs edir. Ekran əsəri Jessika Bruderin 2017-ci ildə işıq üzü görən “Köçərilər yurdu : XXI əsrdə Amerikada yaşam uğrunda mübarizə” kitabının motivləri əsasında lentə alınıb.

Festival jürisinin Qran pri mükafatı (“Gümüş şir”) meksikalı rejissor Mişel Frankonun “Yeni qaydalar” filminə verilib.

“Ən yaxşı rejissor” nominasiyasında mükafata (ikinci “Gümüş şir”) yaponiyalı Kiyesi Kurosava “Xəfiyyənin həyat yoldaşı” filminə görə layiq görülüb. Filmdə hadisələr 1940-cı ildə, Sakit okeanda hərbi əməliyyatlar başlamazdan əvvəl baş verir.

65 yaşlı rejissor fərəhini belə ifadə edib: “Hiss etdiyim sevinci sözlə ifadə etmək çox çətindir. Heç vaxt düşünməzdim ki, bu yaşımda belə ecazkar hədiyyə ala bilərəm”. Qeyd edək ki, K.Kurosava son 17 ildə “Gümüş şir” mükafatına layiq görülən ilk yapon kinorejissordur. Həmin mükafatı 2003-cü ildə Kitano Takeşi almışdı.

Ən yaxşı qadın roluna görə Volpi kubokunu Vanessa Kirbi (“Qadınların fraqmenti”), ən yaxşı kişi roluna görə isə “Bizim atamız” filmində yaratdığı obraza görə Pyerfrançesko Favino qazanıb.

Ən yaxşı ssenari müəllifi kimi hindistanlı Çaytanya Tamhane (“Şagird” filmi) mükafatlandırılıb. Ən yaxşı gənc aktyor və aktrisa üçün nəzərdə tutulan Marçello Mastroyanni mükafatına isə 12 yaşlı iranlı Ruhulla Zamani (“Günəşin övladları” filmindəki rola görə) layiq görülüb.

Tanınmış rusiyalı rejissor Andrey Konçalovski “Əziz yoldaşlar” filminə görə festival jürisinin xüsusi mükafatı ilə təltif olunub.  Film sovet tarixinin qaranlıq səhifələrindən olan 1962-ci ilin Novoçerkask hadisələrindən bəhs edir. Ekran əsəri Rusiya Mədəniyyət Nazirliyi və Əlişir Usmanov Fondunun dəstəyi ilə lentə alınıb.  Mükafatı alan rejissor filmdə baş rolu canlandıran həyat yoldaşı Yuliya Vısotskiyə və prodüser Əlişir Usmanova xüsusi minnətdarlığını bildirib. Konçalovskinin sənət bioqrafiyasında Venesiya Film Festivalının iki “Gümüş şir” və bir Qran pri mükafatı var.

Qeyd edək ki, 77-ci Venesiya Film Festivalının əsas müsabiqə proqramında 18 ekran əsəri yer almışdı.

Festivalın münsiflər heyətinə ikiqat “Oskar” mükafatçısı, avstraliyalı aktrisa Keyt Blanşet rəhbərlik edib. Heyətə avstriyalı rejjssor və ssenarist Veronika Frans, britaniyalı rejissor Joanna Hoqq, italyan yazıçı Nikola Ladjio, fransız aktrisa Lyudvin Sanye, rumın ssenarist Kristi Puyu və Berlin Film Festivalının dördqat mükafatçısı, alman rejissor Kristian Pettsold daxil idi.

Əsas müsabiqə mükafatlarından savayı, festivalın fəxri mükafatına (kinematoqrafiyaya verilən töhfəyə görə) bu il Honq-Konqdan olan aktrisa, rejissor, ssenarist və prodüser Enn Xuey layiq görülüb. Enn Xuey üslubundakı təmkinlilik və zərifliyinə görə Honq-Konq kinosunda “Yeni dalğa” cərəyanının ən yaşlı nümayəndəsi hesab olunur.

LALƏ