Sentyabrın 14-də Ankarada Banqladeş Xalq Respublikasının Türkiyədəki  səfirliyinin yeni binasının açılış mərasimi keçirildi.

Açılışda Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Banqladeşin Xarici İşlər naziri Abdul Momen, Banqladeşin Türkiyədəki səfiri Allama Siddiki, Ankarada fəaliyyət göstərən xarici diplomatik korpusların nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media nümayəndələri iştirak edirdi.

Açılışa internetlə qoşulan Banqladeş Xalq Respublikasının qurucusu Bangabandhu Şeyx Mucibur Rəhmanın qızı Hasina bu əlamətdar hadisəyə görə iki ölkənin rəsmilərinə təşəkkür etdi. "Hər kəslə dostluq istəyirik və kimsəyə zərər gəlməsinə razı deyilik. Ortaq bir tarixə, dinə, mədəniyyətə, mənfəətə malik olan və qarşılıqlı güvənə əsaslanan Türkiyə ilə köklü əlaqələrimiz var" – deyə o bildirdi.

Banqladeşin Xarici İşlər naziri isə iki ölkə xalqlarının tarixi dostluğundan söz açdı, yaxın zamanlarda həmkarı M.Çavuşoğlunu ölkəsində görmək arzusunu ifadə etdi.

M.Çavuşoğlu çıxışında yeni səfirlik binasının Banqladeşin qürur duyacağı bir bina olduğunu bildirdi. O, eyni zamanda həmkarının Banqladeşdəki Türk səfirliyinin yeni binasının açılışında iştirak etmək üçün dəvətini qəbul etdiyini dedi.

Tədbirdən sonra qonaqlar yeni səfirlik binası ilə tanış oldular.

Qeyd edək ki, Banqladeş Xalq Respublikasının Türkiyədəki səfiri Allama Siqqikki bir neçə ay öncəyə qədər iqamətgahı Ankara olmaqla ölkəsinin həm də Azərbaycan üzrə səfiri kimi fəaliyyət göstərirdi. Hazırda bu səlahiyyəti Özbəkistandakı Banqladeş səfirliyi daşıyır.

Mehparə SULTANOVA
Ankara