Xəbər verdiyimiz kimi, 8–10 sentyabr tarixində Parisdə, UNESCO-nun qərargahında “Qeyri-maddi mədəni irsin qorunması haqqında”  2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 8-ci sessiyası keçirilib. 178 iştirakçı dövlətin təmsil olunduğu sessiyada dünyada qeyri-maddi mədəni irsin qorunmasına dair bir sıra məsələlər müzakirə olunub.

Hazırda bütün dünyada normal həyatı kökündən dəyişən koronavirus pandemiyası diqqətə alınaraq fövqəladə hallar zamanı mədəni irsin qorunması da müzakirə mövzularından biri olub. Tədbirdə dünya xalqlarının canlı irsinin qorunması, gələcəyə ötürülməsi və yayılması üçün dövlətlərin, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının birgə səylərini inkişaf etdirmə imkanları qiymətləndirilib.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Düsen Kaseinov da sessiyada iştirak edib. Düsen Kaseinov sessiya çərçivəsində UNESCO baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone Ramirez ilə görüşüb.

Görüş zamanı iki təşkilat arasında əlaqələrin gücləndirilməsi, mədəniyyət və incəsənət sahəsindəki əhəmiyyətli təşəbbüs və layihələrin qarşılıqlı olaraq dəstəklənməsi, həmçinin türkdilli ölkələrin maddi və qeyri-maddi irsinin qorunması məsələləri müzakirə edilib.

Düsen Kaseinov türk dünyasının böyük şairlərindən olan Abay Kunanbayın (Kunanbayev) anadan olmasının 175-ci ildönümü münasibətilə düzənlənən tədbirlərə UNESCO-nun verdiyi töhfəyə və dəstəyə görə təşəkkür edib. Qeyd edək ki, Abay Kunanbayevin 175 illiyi UNESCO-nun yubileylər  proqramına daxil edilib. Həmçinin TÜRKSOY təşkilatı şairin xatirəsinə ehtiram olaraq 2020-ci ili “Abay ili” elan edib.

Düsen Kaseinov UNESCO baş direktorunun müavininə Abayın rəsmləri və müdrik sözlərinin yer aldığı kitab-albomu və TÜRKSOY tərəfindən hazırlanan, içərisində məşhur qırğız yazıçısı Çingiz Aytmatovun əsərləri ilə bağlı türk dünyası rəssamlarının əl işlərinin yer aldığı “Çingiz Aytmatovu oxuyuram” adlı sənət albomunu təqdim edib.

TÜRKSOY-un baş katibi UNESCO-nun Parisdəki qərargahında qurumun Baş Konfransının hazırkı sədri Altay Cengizer və türk respublikalarının UNESCO-dakı daimi nümayəndələri ilə də bir araya gələrək birgə tədbirlərin təşkili məsələlərini müzakirə edib. Görüş zamanı Düsen Kaseinov UNESCO-da türk dünyası mədəniyyətinin və incəsənətinin təbliğinə verdiyi dəyərli dəstəyinə görə Altay Cengizerə “Abay xatirə medalı”nı təqdim edib.

Mehparə SULTANOVA
Ankara