Dünyanın nüfuzlu musiqi təsisatlarından olan Pekin İfaçılıq Sənətləri Milli Mərkəzinin (NCPA – Beijing National Centre for Performing Arts) təşkilatçılığı ilə Pekin Beynəlxalq Mədəniyyət Forumu (Beijing Forum for Performing Arts 2020) keçirilib. 9-10 sentyabr tarixində gerçəkləşən foruma 40 ölkədən 120 mədəniyyət xadimi qatılıb. Azərbaycanın Çindəki səfirliyi də foruma təşkilati dəstək verib.

Tədbirin açılışında Pekin şəhərinin meri Çen Jininq, Çin Xalq Respublikasının Mədəniyyət naziri Janq Su, Pekin İfaçılıq Sənətləri Milli Mərkəzinin prezidenti Vanq Ninq iştirakçıları salamlayıblar.

Forumun rəsmi gündəliyinə əsasən 11 nəfərin çıxışı dinlənilib – Peter Gelb (Nyu-Yorkun Metropoliten Opera Teatrının direktoru), Aleks Bird (Londonun Kovent-Qarden Opera Teatrının direktoru), Valdemar Dabrovski (Varşava Milli Opera Teatrının direktoru), Əyyub Quliyev (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru), Mariya Viktoriya Alkaraz (Buenos-Ayres “Kolon” Opera Teatrının direktoru), Maqdi Saber (Qahirə Opera Teatrının direktoru), Mixael Helfliger (İsveçrənin Lütsern Beynəlxalq Festivalının prezidenti), Matias Tarnopolski (ABŞ-ın Filadelfiya simfonik orkestrinin rəhbəri), Marçelo Lopes (San-Paulo simfonik orkestrinin icraçı direktoru), Duqlas Qoltyer (“Adelaida Festival Mərkəzi”nin (Avstraliya) bədii rəhbəri) və Yu İn Taek (Seul Mədəniyyət Mərkəzinin prezidenti).

Forumun moderatorları İqnasio Qarsia Layta (Madrid Opera Teatrının direktoru) və Georq Virtaler (Almaniyanın Opera Teatrları Assosiasiyasının baş direktoru) olublar.

Əyyub Quliyev çıxışında teatrın ölkə və regionda musiqi mədəniyyətinin inkişafındakı rolundan bəhs edərək son illərdə təqdim olunan tamaşalar barədə geniş məlumat verib. O, eyni zamanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 100 illik yubileyi barədə forum iştirakçılarını məlumatlandırıb.