Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Əliyev Cavid Fikrət oğlu Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Hüquq və daxili nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 

Cavid Əliyev 1988-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2012-ci ildə Niderland Krallığının Naymegen Universitetində Avropa hüququ ixtisası üzrə magistr dərəcələrini, həmçinin  Corc Vaşinqton Universitetinin (ABŞ) “Layihələrin idarə edilməsi” proqramı üzrə magistr sertifikatını alıb.

“Azərsu” ASC-nin Hüquq departamentində hüquq məsləhətçisi (2012-ci ildən), “Nobel Oil Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialında hüquqşünas (2016-2017), “Azərsu” ASC-də Beynəlxalq layihələrin və daxili sənədlərin hüquqi təminatı şöbəsinin rəisi (2017-2019) vəzifələrində işləyib.

Son təyinatadək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Müqavilələr və hüquqi layihələrin hazırlanması sektorunun müdiri vəzifəsində çalışıb.

Korrupsiyaya qarşı mübarizənin idarəolunması üzrə beynəlxalq təlimin, layihələrin idarə edilməsi və digər sahələrlə bağlı beynəlxalq tədbirlərin iştirakçısı olub. İngilis və rus dillərini bilir.

***

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Cəfərli Azad Məhyəddin oğlu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. Həmçinin, Dövlət Xidmətinin rəisi vəzifəsinin səlahiyyətləri Azad Cəfərliyə həvalə edilib.

Azad Cəfərli 1978-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2001-ci ildə beynəlxalq münasibətlər ixtisası üzrə magistr, Cenevrə İnsan Hüquqları Akademiyasının beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi (L.L.M.) dərəcələrini alıb. “İşğal olunmuş ərazilərdə mədəni sərvətlərin qorunması” mövzusunda diplom müdafiəsi edib. Həmçinin, beynəxalq hüquq və beynəlxalq münasibətlər sahəsində bir sıra kurslarda və təlimlərdə iştirak edib.

Əmək fəaliyyətinə 1999-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində başlayıb. 2004-2008-ci illərdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə Bölməsi yanındakı Daimi Nümayəndəliyində çalışıb. 2008-2012-ci illərdə Xəzər dənizinin hüquqi statusu, dəniz ətraf mühitinin qorunması, insan hüquqları və digər sahələrdə ekspert kimi fəaliyyət göstərib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri (2012-2016) işləyib. Son təyinatadək Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Aparatının rəhbəri vəzifəsini daşıyıb.

Beynəlxalq hüquq və dövlət xidmətlərinin göstərilməsi mövzusunda məqalələrin müəllifidir. Qərb Universitetində, ADA Universitetində və “ASAN Xidmət”in Təlim mərkəzində beynəlxalq hüquq, danışıqların aparılması, dövlət xidmətlərinin göstərilməsi konsepsiyası üzrə qabaqcıl təcrübə mövzularında mühazirələr deyib. İngilis, fransız və rus dillərini bilir.