M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası 18 sentyabr – Milli Musiqi Günü ərəfəsində istifadəçilərə “Musiqi kitabxanası” adlı yeni layihəsini virtual rejimdə təqdim edib.

Layihə “Musiqi ədəbiyyatı”, “Notlar” və “Səsyazıları” bölmələrini əhatə edir. “Musiqi ədəbiyyatı” və “Notlar” bölmələrində Milli Kitabxananın fondunda olan musiqi ədəbiyyatları əlifba sırası üzrə yerləşdirilib və bütün ədəbiyyatlar elektron resursları ilə istifadəçilərə təqdim olunur. Azərbaycan, rus və digər dillərdə olan notlar da bölməyə daxil edilib.

“Səsyazıları” bölməsində isə həm Azərbaycan bəstəkarlarına, həm də Azərbaycan xalq musiqisinə dair səsyazıları verilib. “Azərbaycan xalq musiqisi” yarımbölməsində muğamlar və şikəstələr, Azərbaycan xalq mahnıları, qəhrəmanlıq təranələri, xalq rəqs musiqisi və aşıq musiqisi təqdim olunur.

Layihədə həmçinin Azərbaycanın görkəmli bəstəkarları haqqında məlumatlar da öz əksini tapıb.

Layihə ilə aşağıdakı linkdə tanış olmaq olar:

http://anl.az/el/musiqi_kitabxanasi/index.php