11-13 sentyabr tarixində Moskvada yaradıcı sənayenin inkişafına həsr olunmuş “Birinci Rusiya kreativ həftəsi” keçirilib. Tədbirin açılış mərasimində Rusiya Prezidenti Administrasiyası rəhbərinin  birinci müavini Sergey Kiriyenkonun iştirakı ilə plenar iclas keçirilib. 

“Rusiya yaradıcı sənayesinin identifikasiyası, yaradıcı cəmiyyətin iqtisadi potensialının reallaşdırılması” mövzulu iclasda kreativ həftənin əsas hədəfləri müzakirə edilib. Qeyd olunub ki, bu gün yaradıcı sənaye reklam və marketinq, dizayn, kino, televiziya, foto sənəti, proqram təminatı, nəşriyyat, musiqi, muzey, qalereya, kitabxana, incəsənət, qastronomiya kimi bir çox sahələri əhatə edir.

Kiriyenko çıxışı zamanı bildirib ki, son bir neçə ildə Rusiya Prezidentinin Qrant Fondundan bu sahə üzrə layihələrə dəstək üçün 8 milyard rubl (təxminən 112 milyon dollar) ayrılıb. “Birinci Rusiya kreativ həftəsi” də bu il keçirilən ilk müsabiqədən qazanılan qrant əsasında reallaşır. “Bu sahənin davamlı inkişafını təmin etmək üçün dövlətin hansı addımları atması və hansı formada dəstək göstərilməsi təşəbbüslərini kreativ sənaye ilə məşğul olanların dilindən eşitmək vacibdir”, – deyə o əlavə edib.

“Birinci Rusiya kreativ həftəsi” Moskvanın Qorki parkının Puşkin sahilində 14 pavilyonda gerçəkləşib. Bu məkanlarda müxtəlif müzakirələr, ustad dərsləri, sərgi və mühazirələr təşkil edilib. Təşkilatçılar ümumilikdə 500-dən çox tədbirin keçirildiyini bildiriblər. Tədbirin saytına (https://creativityweek.ru/) daxil olub qeydiyyatdan keçən hər kəs iştirak etmək hüququ qazanıb. Tədbir həmçinin onlayn yayımlanıb.

Kreativ həftənin proqramında müasir Rusiya animasiya müəlliflərinin əsərləri, həmçinin yeni yaradılan teatrların tamaşaları nümayiş etdirilib.  Kino sahəsinə aid onlarla müzakirə və layihə də reallaşıb. Kinoteatrların fəaliyyəti, animasiya işi, qısametrajlı film istehsalı, prodakşn studiyalarının fəaliyyəti, beynəlxalq distributorluq  və s. mövzularda təşkil edilən seminar və müzakirələr maraqla qarşılanıb. Muzey işi, təhsil sahəsində kreativlik də əsas mövzulardan biri olub. Bundan əlavə, 7-10 sentyabr tarixində Rusiyanın regionlarında xüsusi tədbirlər keçirilib.

Hazırladı: L.AZƏRİ