Azərbaycan xalqının zəngin mədəni irsinin qorunması, təbliği, ölkəmizdə mədəniyyətin müxtəlif  sahələrinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir.

Ölkəmizdə, bütün sahələrdə olduğu kimi, dövlət rəhbərliyinin yüksək diqqət və qayğı göstərdiyi mədəniyyət sahəsində də kompleks və sistemli islahatların həyata keçirilməsi günün tələbidir. Bu islahatların və reallaşdırılacaq işlərin daha səmərəli olmasını təmin etmək üçün mədəniyyətin müxtəlif sahələrində fəaliyyət göstərən təşkilatların və fərdlərin fikir, rəy və təkliflərinin nəzərə alınması da əhəmiyyət kəsb edir.

6 avqust 2020-ci il tarixində Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət sahəsində fəaliyyət göstərən təşkilatların, bu sahə ilə bağlı insanların, yaradıcı şəxslərin fikir və təkliflərini öyrənmək məqsədilə ictimaiyyətə müraciət olunmuşdu.

Nazirliyin ictimaiyyətə müraciəti geniş maraq doğurmuşdur. Bununla bağlı indiyədək müraciətdə qeyd edilən info@creative.az elektron poçt ünvanına onlarla vətəndaş, dövlət və özəl mədəniyyət müəssisələri tərəfindən 22 müxtəlif sahə üzrə (tədris, mədəniyyətimizin xarici ölkələrdə təbliği, gənc kadrlara dəstəyin gücləndirilməsi, kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi, mədəniyyət sahəsində idarəetmə, mədəni irsin qorunması, kino, teatr və musiqi sahələrinin inkişafı) 200-dən çox rəy və təklif daxil olmuşdur.

Bundan əlavə, mədəniyyətimizin televiziya/radio kanallarında və sosial şəbəkələrdə  geniş təbliğ olunması, regionlarda mədəniyyət müəssisələrinin idarəedilməsində yeniliklərin tətbiq olunması, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı təkliflər, ayrı-ayrı layihə və müraciətlər daxil olmuşdur.

Göndərilən rəy və təkliflər Mədəniyyət Nazirliyi tərəfindən baxılaraq gələcək fəaliyyətdə nəzərə alınacaqdır.