Toğrul Hüseynli: “Ümid edirəm ki, biz yenə doğma Azərbaycanda bir araya gəlib möhtəşəm konsertlər verəcəyik”

Xəbər verdiyimiz kimi, gənc azərbaycanlı pianoçu Toğrul Hüseynli Almaniyanın Aaxen şəhərində keçirilən Pianoçuların XVI  Motsart Beynəlxalq Müsabiqəsinin qalibi olub.

Pianoçuların Motsart Beynəlxalq Müsabiqəsi Avropanın ən nüfuzlu musiqi ifaçılığı yarışmalarından biridir. 7-11 sentyabr tarixində təşkil olunan sayca 16-cı müsabiqə yeniyetmə-gənc A və B kateqoriyaları və peşəkar kateqoriya üzrə keçirilib. Həmvətənimiz peşəkar kateqoriya üzrə yarışmada birinci olub.

Almaniyada yaşayan həmyerlimizlə müsahibəni təqdim edirik.

 

– Toğrul bəy, ilk növbədə sizi yeni uğurunuz münasibətilə təbrik edirik. Təəssüratınızı bilmək istərdik.

– Bilirsiniz ki, bütün dünyada davam edən pandemiya şəraitində biz sənət adamlarına çox böyük zərbə dəydi. Çünki bütün konsert və layihələrimiz ləğv olundu. Avqust ayında Almaniyada karantin qaydalarının yumşaldılması ilə musiqi müsabiqələrinin keçirilməsinə icazə verildi. Artıq bir neçə aydır ki, heç bir tədbirdə iştirak edə bilmirdim. Bu səbəbdən də Motsart müsabiqəsində iştirak etmək qərarına gəldim. Lazımi sənədləri yollayandan sonra avqust ayını, demək olar ki, çox gərgin iş prosesinə, müsabiqəyə hazırlıq məşqlərinə həsr etdim.

Onu da deyim ki, bu il 16-cısı keçirilən müsabiqə Almaniyanın ən nüfuzlu musiqi yarışmalarındandır. Burada iştirak etməyimin gələcək planlarıma çox böyük müsbət təsir edəcəyini düşünürdüm. Müsabiqə üç turdan ibarət oldu. İştirakçılar birinci turda 15 dəqiqəlik, ikinci turda 40 dəqiqəlik, 3-cü turda isə yarımsaatlıq proqramla çıxış edirdilər. Birinci mərhələdən finala kimi böyük uğurla çıxış etdim. Birinci dərəcəli mükafata layiq görülməyim mənə sevinc gətirdi. Bu qələbə son bir ayda çəkdiyim zəhmətin bəhrəsi idi. Şərəf gətirən tərəflərdən biri də müsabiqədə Azərbaycanı təmsil etməyim idi. Finalçıları elan edən zaman hər ifaçının hansı ölkədən olması da qeyd edilirdi. “Toğrul Hüseynli – Azərbaycan” deyilməsi böyük qürur və şərəf idi. Çünki müsabiqədə çox nüfuzlu musiqiçilər qonaq idi və eyni zamanda tanınmış siyasi və mədəniyyət xadimləri zalda əyləşmişdilər.

 

– Almaniyadakı fəaliyyətinizdən də söz açardınız...

– Artıq 9 ildir Almaniyada yaşayıram. Bakalavr və magistr təhsilimi Almaniyanın Köln Ali Musiqi Məktəbində almışam. Doktorantura pilləsini Avstriyanın Zalsburq Universitetində bitirmişəm. Hazırda üç ildir ki, burada dosent vəzifəsində çalışır, pedaqoji və ifaçılıq fəaliyyətimi davam etdirirəm. Bundan sonra konsert fəaliyyətimi də davam etdirəcəyəm. Müsabiqənin şərtlərinə görə, qaliblər  təkcə pul mükafatı deyil, həm də Almaniya turnesi qazanırlar.  Hazırkı pandemiya ilə əlaqədar olaraq bu silsilə konsertlərin nə zaman keçiriləcəyi dəqiq deyil. Təbii ki, konsert fəaliyyətim Almaniyada, Avropanın digər şəhərlərində eləcə də doğma vətənimdə də davam edəcək. Sadəcə bir az səbir edərək mövcud vəziyyətin  düzəlməsini gözləmək lazımdır.

 

– Pedaqoji və konsert fəaliyyətinizi necə tənzimləyirsiniz?

– Həm şagirdlərlə, həm də tələbələrlə işləyirəm. Fortepiano dərsləri verirəm. Etiraf edim ki, bu bir qədər çətindir. Ancaq bir çox pianoçular həmişə həm müəllim, həm də solist kimi çalışıblar. Nəzərə alsaq ki, hazırda konsertlərin sayı çox azdır və bu səbəbdən də pedaqoji fəaliyyətdə rahatlıq yaranıb. Bu müsabiqə mənə stimul verdi və göstərdi ki, konsert-pianoçu fəaliyyətim heç də geri qalmayıb, əksinə daha da irəli gedib.

 

– Pandemiya bitdikdən sonra həmvətənləriniz sizi tezliklə Bakı səhnəsində görmək imkanı qazanacaq, yoxsa necə?

– Əlbəttə, artıq üç ilə yaxındır ki, Azərbaycanda mütəmadi olaraq solo konsertlə çıxış edirəm. Bu il də yaz aylarında konsertim planlaşdırılmışdı, məlum səbəbdən təxirə düşdü. Bundan əlavə, ənənəvi Qəbələ Beynəlxalq Musiqi Festivalında da orkestrlə çıxışlarım olub. Bu gün də proqramım hazırdır və mənim üçün Vətəndə, həmvətənlərimiz qarşısında çıxış etmək ən böyük şərəfdir.

 

– Azərbaycan musiqisini xaricdə təmsil və təbliğ edən gənc musiqiçi həmkarlarınız  Fuad İbrahimov, Mustafa Mehmandarov, Kamran Ömərli və başqaları ilə əlaqəniz varmı?

– Mən bu gənclərin hamısını çox gözəl tanıyıram. Azərbaycanda musiqi məktəblərində birgə təhsil almışıq. Onlarla çox səmimi münasibətlərimiz var. Görüşəndə çox sevinirik. Çalışırıq ki, bir-birimizlə əlaqəmiz olsun. Lakin iş baxımından başqa-başqa ölkə və layihələrdə çalışdığımız üçün birgə fəaliyyət qura bilmirik. Hazırda isə pandemiya üzündən hər kəs yaşadığı ölkədədir və kənara çıxa bilmir. Ümid edirəm ki, biz yenə doğma Azərbaycanda bir araya gəlib möhtəşəm konsertlər verəcəyik.

 

– Bilirsiniz ki, 18 sentyabr ölkəmizdə Milli Musiqi Günüdür. Musiqi bayramı münasibətilə oxuculara arzularınız...

– Klassik musiqi mənim üçün ən üstün bir musiqidir. Bütün dünyada, eləcə də bizdə bu musiqiyə maraq o qədər də çox deyil. Arzum budur ki, gənclərimiz arasında klassik musiqi konsertlərinə gedənlərin sayı durmadan artsın. Klassik musiqinin təlqin etdiyi təsiri heç bir başqa janr verə bilmir. Bir daha müsahibəyə görə təşəkkür edirəm.

 

– Biz də sizə sənət yolunuzda uğur arzulayırıq.

L.AZƏRİ