Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Sentyabrın 17-də Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyasının ilk iclası keçirilib. İclası açan Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva gündəlik barədə məlumat verib. O, qanunvericilik işlərini səmərəli qurmaq, bu sahədə mövcud olan problemləri daha dərindən öyrənmək üçün payız sessiyasında ilk iclasa Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun, mədəniyyət sahəsində çalışan QHT-lərin rəhbərlərinin dəvət olunduğunu diqqətə çatdırıb.

Sonra iclasda Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə Mədəniyyət komitəsində görülən işlər barədə hesabat dinlənilib. Q.Paşayeva məlumat verib ki, hesabat dövründə 6 iclas keçirilib, 14 məsələ müzakirə edilib. Həmin məsələlərdən 13-ü qanun layihəsi olub.

İclasda komitənin payız sessiyası üçün iş planı müzakirəyə çıxarılıb. Diqqətə çatdırılıb ki, iş planına “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələri və digər məsələlər daxildir.

İclasda çıxış edən Anar Kərimov ölkəmizdə mədəniyyət sahəsinin inkişaf etdirilməsi ilə bağlı qarşıda duran vəzifələr, nəzərdə tutulan islahatlar, mədəniyyətin idarə olunmasında yeni  yanaşmalar, mədəni irsin qorunması və digər məsələlər barədə danışıb, millət vəkillərinin toxunduğu ayrı-ayrı mövzularla bağlı fikirlərini bölüşüb.

Mədəniyyət sahəsinin cəmiyyətdə strateji istiqamətlərdən biri olduğunu deyən Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu sahəyə xüsusi diqqət və qayğı göstərildiyini və ölkəmizin UNESCO-dakı daimi nümayəndəliyində çalışarkən bunun bilavasitə şahidi olduğunu bildirib. Qeyd edib ki, dünyada mədəniyyət məsələlərinə, yumşaq güc sayılan mədəniyyətə xüsusi diqqət var. Hərbi, iqtisadi gücü olan ölkələr belə yumşaq gücə, mədəniyyət sahəsində əməkdaşlığa böyük önəm verir, bu vasitə ilə təsir imkanlarını artıra bilir: “Biz bu sahədə fəaliyyətimizi daha da gücləndirməliyik. Yeni mədəniyyət strategiyası hazırlanmalıdır”. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu istiqamətdə addımlar atıldığını, vəziyyətin təhlil edildiyini bildirən Anar Kərimov mədəniyyət sistemində islahatlarla bağlı yerli və xarici ekspertlərin də iştirakı ilə işçi qrupun yaradıldığını diqqətə çatdırıb.

Mədəniyyət nazirinin birinci müavini qeyd edib ki, yeni strateji istiqamətlərin müəyyən edilməsi zamanı ortaya çıxan problemlərin bir qismi hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlıdır. Bu, bizə idarəetmənin, iqtisadi modellərin tətbiq edilməsi üçün lazımdır. Sirr deyil ki, mədəniyyət sahəsində çalışan şəxslərin maddi imkanı heç də yüksək səviyyədə deyil. Dəyişikliklər bu sahədə çalışanların əməkhaqlarına da müsbət təsir edəcək. Digər vacib məsələlər şəffaflıq, səmərəlilik əmsalının artırılması, həmçinin infrastruktur və maddi-texniki bazanın təkmilləşdirilməsi məsələləridir.

Anar Kərimov bir sıra məsələlərin həlli üçün Milli Məclisin dəstəyinə ehtiyac olduğunu vurğulayıb, tətbiq edilməsi nəzərdə tutulan yeniliklərin hüquqi bazaya istinadən tənzimlənməsinin vacibliyini diqqətə çatdırıb.

Mədəni irsin qorunmasına toxunan Anar Kərimov işğal olunmuş ərazilərdəki tarixi abidələrimizlə bağlı məsələlərin beynəlxalq müstəvidə daima diqqətə çatdırılmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu işləri təkcə Xarici İşlər və Mədəniyyət nazirliklərindən gözləmək düzgün olmaz. Tarixi-mədəni irsimizin qorunması  məsələsində hamımız aktiv olmalıyıq ki, səsimizi beynəlxalq səviyyədə dünyaya çatdıraq. Bu işdə dövlət qurumlarının fəaliyyəti ilə yanaşı, vətəndaşlar, araşdırma mərkəzləri, sosial media vasitəsilə edilən müraciətlər daha güclü effekt verir. Bunu nəzərə almalıyıq. Bununla bağlı hansısa strateji yol xəritəsi barədə düşünməliyik.

400-ə yaxın tarixi abidənin pasportlaşmasının həyata keçiriləcəyini deyən Anar Kərimov  bildirib ki, bərpa olunası tarixi abidələrimiz çoxdur. Bunun hamısını biz məhdud maliyyə resurslarımızla edə bilmərik. Konkret beynəlxalq meyarlara cavab verən siyahı tərtib olunacaq. Beynəlxalq, ölkə daxilində və yerli səviyyədə əhəmiyyətli olan abidələrin siyahısı hazırlanacaq. Maliyyə resurslarımızla yanaşı, beynəlxalq təşkilatlarla və qeyri-dövlət, özəl şirkətlərlə əməkdaşlığı genişləndirməliyik.

Mədəniyyət nazirinin birinci müavini rəqəmsallaşdırma və standartlaşdırmanın  mədəniyyət sahəsinin inkişafı baxımından vacibliyini də vurğulayıb. Bildirib ki, mədəniyyət sahəsində müəyyən standartlar müəyyən edilməlidir: “Hər birimiz bilirik ki, mədəniyyət hər zaman dövlətdən dəstək alan sahədir. Ancaq özəl sektorun da artıq bu sahəyə cəlb edilməsi üçün kifayət qədər potensial var. Bununla bağlı müxtəlif ölkələrin qabaqcıl təcrübəsi var. Mədəniyyət daim gündəmdə olan sahədir. Bununla özəl sektor həm də özünü reklam etmiş olur. Fransada bu kimi mədəniyyətlə bağlı layihələrdə özəl sektora vergi güzəştləri tətbiq edilir. Biz də bunu tətbiq etməklə dövlətin mədəniyyət sahəsinə dəstəyini və maliyyə yükünü azalda bilərik”.

İclasda Mədəniyyət komitəsinin payız sessiyası üzrə iş planında olan “Kinematoqrafiya haqqında” qanun layihəsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Komitə sədri Qənirə Paşayeva bildirib ki, qanun layihəsi üzərində çalışmaq üçün işçi qrup yaradılacaq: “Bu sahədə problemlər mövcuddur. Mədəniyyət Nazirliyinin hazırlanacaq yeni strategiyasında da bu sahəyə yer veriləcək. Yaradılan işçi qrup vasitəsilə qanun layihəsi daha da təkmilləşdiriləcək və payız sessiyası çərçivəsində qəbul ediləcək”.

“Bizdə mədəniyyət sahəsi ən az gəlir gətirən sahələrdən biridir. Elə etməliyik ki, muzeylər, mədəniyyət abidələri gəlir gətirsin” – bu fikri isə Mədəniyyət komitəsinin üzvü, akademik Nizami Cəfərov deyib. Onun sözlərinə görə, “Yaradıcı şəxslər və yaradıcılıq təşkilatları haqqında” qanuna da ehtiyac var. Millət vəkili bildirib ki, ötən illərdə bu məsələ gündəmdə olub, ancaq bəzi səbəblərdən müsbət həllini tapa bilməyib: “Hesab edirəm ki, belə bir qanun layihəsinin müzakirəsi və qəbulu lazımdır. Buna ciddi ehtiyac var. Düzdür, yaradıcılıq təşkilatları da ictimai təşkilatlardır və onlar dövlət tərəfindən maliyyələşdirilməməlidir. Ancaq elə yaradıcılıq təşkilatları var ki, onlar spesifikdir, böyük, tarixi ənənəsi var. Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı belə təşkilatlardandır. Bu təşkilatlarla bağlı qanun layihəsi olmalı və onlar dövlət tərəfindən maliyyələşdirilməlidir”.

Məsələ ilə bağlı fikrini bildirən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov qeyd edib ki, bu sahədə birlik və təşkilatların fəaliyyətini daha da canlandırmaq lazımdır.  Layihəyönümlü fəaliyyət çərçivəsində bizim ictimai birliklər və təşkilatlar iştirak etməlidir. Maliyyələşmə bu layihələrə uyğun həyata keçirilsə, həmin ictimai birliklərin fəaliyyətini canlandırmış olarıq.

İclasda deputatlar Novruzəli Aslanov, Ülviyyə Həmzəyeva, Əziz Ələkbərli, Ülviyyə Ağayeva və başqa çıxış edənlər də fikirlərini bildiriblər. Fikir mübadiləsinin yekununda iş planı təsdiqlənib. Komitədə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.