Azərbaycan etnik-dini dözümsüzlüyün, ksenofobiyanın və antisemitizmin mövcud olmadığı nadir məkanlardan biridir.

Bu fikir Prezident İlham Əliyevin sentyabrın 16-da yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasına ünvanlandığı təbrik müraciətində vurğulanıb.

Müraciətdə qeyd olunur ki, zəngin tarixi-mədəni irsə və çoxəsrlik tolerantlıq ənənələrinə malik Azərbaycanda tarix boyu yəhudilər digər xalqların və dinlərin nümayəndələri ilə sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıblar. Multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verən Azərbaycan dövləti bütün etnik azlıqların, o cümlədən yəhudi icmasının mədəni-mənəvi dəyərlərinin qorunub saxlanılmasına, dil və mədəniyyətinin inkişafına böyük diqqət və qayğı ilə yanaşır.

“Təqdirəlayiq haldır ki, ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirak edən yəhudi əsilli həmvətənlərimiz, harada yaşamalarından asılı olmayaraq, Azərbaycana sevgi və sədaqətlərini daim nümayiş etdirir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə əhəmiyyətli töhfələr verirlər”, – deyə müraciətdə bildirilir.

Dövlət başçısı xeyirxahlığı, mənəvi dirçəlişi və yeni həyatı təcəssüm etdirən Roş-Ha-Şana münasibətilə yəhudi icmasına səmimi bayram təbriklərini və xoş arzularını çatdırıb.