Hələlik virtual səhnədə

Ənənəvi olaraq hər il sentyabr ayının ortalarında yeni mövsümə başlayan teatrlarımız mövcud pandemiya şəraitində kütləvi tədbirlərlə bağlı məhdudiyyətlərin davam etməsi səbəbindən internet üzərindən tamaşaçılarla görüşə gələcəklər. Artıq bir sıra teatrlar bununla bağlı virtual repertuarlarını tərtib ediblər.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümdə ilk olaraq sentyabrın 19-da opera həvəskarlarına dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” operasının tamaşasını təqdim edəcək. Tamaşanı teatrın saytı (www.tob.az) və “YouTube” kanalında izləmək mümkündür. Əsas rolları əməkdar artistlər Ramil Qasımov (Koroğlu), İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsən xan) və b. ifa edirlər.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 20-də F.Əmirovun “Min bir gecə” baleti, sentyabrın 23-də M.Maqomayevin “Şah İsmayıl” operası, sentyabrın 26-da V.A.Motsartın “Hamı belə edir” operası,  27-də N.Əliverdibəyovun “Cırtdan” uşaq operası və sentyabrın 30-da Q.Qarayevin “Yeddi gözəl” baletinin tamaşaları nümayiş olunacaq.

***

Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da yeni mövsümünü onlayn şəkildə açıq elan edəcək. Teatrın mətbuat xidmətindən bildirilib ki, Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin 135 illiyi münasibətilə dahi bəstəkarın “Ər və arvad” musiqili komediyası saat 19:00-da sosial şəbəkə izləyicilərinə təqdim ediləcək.

Sentyabrın 19-da bəstəkarın “O olmasın, bu olsun”, ayın 20-də isə “Arşın mal alan” musiqili komediyaları eyni saatda onlayn nümayiş olunacaq.

***

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da mövsümə sentyabrın 18-də virtual müstəvidə başlayır. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının kukla tamaşasının videoyazısı teatrın “YouTube” kanalından saat 12:00-da yayımlanacaq.

Qeyd edək ki, bu tamaşada kukla oyunu ilə bərabər Məşədi İbad rolunu görkəmli sənətkarımız, Xalq artisti, mərhum Yaşar Nuri və Əməkdar artist Rəhman Rəhmanov ifa ediblər.

Sentyabrın 19-da Azərbaycan Dövlət Kukla Teatrı özünün “YouTube” kanalından (saat 12:00) “Sehrli üzük” tamaşasını nümayiş etdirəcək. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Rəşid Şəfəqdir.