Xüsusi turizm marşrutunun yaranması muxtar respublikada yeni iş yerlərinin açılması deməkdir
   
   Müasir dövrdə turizm özünün inkişaf sürətinə və cəmiyyətin sosial-iqtisadi həyatında oynadığı rola görə iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən birinə çevrilib. İstər ölkə iqtisadiyyatında, istər əhalinin sosial-mədəni həyatında, istərsə də beynəlxalq münasibətlərdəki yerinə görə turizm maraqlı tədqiqat obyektidir. Bu sahənin problemləri müxtəlif istiqamətlərdə araşdırılmaqdadır. Bu baxımdan Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası son illərdə sosial-iqtisadi, siyasi və mədəni sahələrdə çox sürətlə inkişaf edir.
   
    Həyata keçirilən genişmiqyaslı quruculuq, abadlıq və yenidənqurma işləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun adı ilə sıx bağlıdır. Qədim Azərbaycan torpağı olan Naxçıvanın hərtərəfli inkişafı tarixin heç bir mərhələsində indiki səviyyədə olmayıb. Bu inkişaf həyatın bütün sahələrində olduğu kimi, özünü turizmdə də açıq-aydın göstərir.
   Hər bir xalqın qədimliyini sübut edən onun mədəniyyətidir, tarixi abidələridir. Bu cəhətdən Naxçıvanın ərazisi xüsusilə diqqəti cəlb edir. Bu qədim diyarda hər addımda ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, qayaüstü rəsmlərə, daş qoç heykəllərinə, türbələrə, bir sözlə, nadir maddi-mədəniyyət nümunələrinə rast gəlmək mümkündür. Naxçıvandakı qazma, Əshabi-Kəhf və Kilit mağaraları Daş dövrü mədəniyyətinin qalıqlarını yaşatmaqdadır. E.ə. III minilliyin sonu II minilliyin əvvəllərində Naxçıvan ərazisində Oğlanqala, Çalxanqala, Çovurqala kimi qala şəhər mədəniyyətləri yaranıb. Gəmiqaya qayaüstü rəsmləri e.ə. IV-I minilliklərdə xalqımızın bədii təfəkkürünü, adət-ənənələrini, estetik-fəlsəfi baxışlarını və dini-ideoloji təsəvvürlərini əks etdirən qiymətli təsvirlər qalereyasıdır.
   Son illərdə Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafına, tarixi-memarlıq abidələrinin bərpa və restavrasiyasına, turizmin bütün növlərinin regionda inkişafına ciddi əhəmiyyət verilir.
   Danılmaz faktdır ki, ölkəmizdə turizmin inkişafı bilavasitə ayrı-ayrı bölgələrin turizm potensialından səmərəli istifadə edilməsindən asılıdır. Bu zaman hər hansı bölgənin turizm ehtiyatları hərtərəfli araşdırılmalı, inkişaf etdirilməsi mümkün olan turizm növləri müəyyən edilməli, həmin növün xarakterinə uyğun turizm məhsulu çeşidləri tərtib edilərək turizm bazarına çıxarılmalı, istehlakçılara təklif edilməlidir.
   
   Dini turizmin əsas istiqaməti zəvvarlıqdır
   
   Turizmin ən qədim növlərindən olan dini turizm zəvvarlıq, insanların dini inancları ilə bağlı olub, onlarda səyahətə motiv yaradır. Bu motiv müxtəlif dini mənsubiyyətə aid insanları dini tələbatlarını ödəmək, təskinlik tapmaq məqsədilə səyahət etməyə, müqəddəs yerləri ziyarət etməyə sövq edir. Faktiki olaraq bütün dünyəvi dinlərdə, o cümlədən İslamda müqəddəs ziyarətgahlar kifayət qədərdir. Qədim zamanlardan səmavi qüvvələrə inanan insanlar həmin ziyarətgahlara kütləvi səfərlər reallaşdırıblar.
   Zəvvarlıq adını almış bu dini ənənə inanclı insanların böyük kütlələrini əhatə edib və orta əsrlərdə daha geniş yayılmağa başlayıb. Məhdud coğrafi biliklər və informasiya vasitələrinin olduğu dövrdə belə geniş yayılmış zəvvarlıq bəşər tarixinin bütün dövrlərində öz əhəmiyyətini qoruyub. Bütün dünyəvi dinlərə mənsub insanlar tarixən zəvvarlıq səyahətlərində iştirak edib və bu proses indi də mütəşəkkil şəkildə davam etdirilir. Belə ki, müasir dövrdə keçirilən müxtəlif dini ayin və mərasimlər inanclı insanların geniş kütlələrini cəlb edir.
   Uzaq məsafələrə dini səfərlərin reallaşdırılmasının səbəbləri müxtəlif ola bilər: mənəvi güc almaq, mövcud uğursuzluqdan qurtarmaq, günahları yumaq, bədbəxt hadisələrdən qorunmaq, xəstəliklərdən şəfa tapmaq və s. Bəzən isə dinin təməlləri bu tip səyahətlərin gerçəkləşdirilməsini şərtləndirir. Məsələn, İslam dini Həcc ziyarətini hər bir müsəlman üçün vacib hesab edir. Bir sözlə, dini xarakterli səyahətlər insanların həyatında mühüm yer tutduğundan onun inkişaf etdirilməsi xüsusi diqqət mərkəzində olmalıdır.   

    Qədim abidələr turistlərin gözü ilə
   
   Qeyd etdiyimiz kimi, Naxçıvanın ərazisi mədəni-tarixi abidələrlə zəngindir. Bunların içərisində Əshabi-Kəhf mağarası daha çox diqqəti cəlb edir. Əshabi-Kəhf Naxçıvan şəhərindən təqribən 13 km aralı, 1665 m hündürlükdə, İlandağ ilə Nəhəcir dağı arasında təbii mağarada ziyarətgahdır. Ərəb dilində «mağara sahibləri» deməkdir. Qurani-Kərimdə qeyd edilir ki, bütpərəst hökmdarın təqib etdiyi 7 gənc mağarada gizlənmiş, orada 330 illik yuxuya getmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tapşırığı ilə Əshabi-Kəhfdə abadlıq, bərpa işləri aparılmış, zəvvarlar üçün rahatlıq yaradılmış, 13 km məsafədə rahat yol salınmış, məscid tikilmiş, kitabə qoyulmuşdur.
   Min illər boyu Naxçıvan əhalisinin iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən Gəmiqaya yaylaqlarının ərazisi bir növ müqəddəsləşmiş, hətta burada təbii məbədlər meydana gəlmişdir (Bibqətəl piri). Gəmiqayanın adı Nuh əfsanəsi ilə bağlıdır. Şiş qayalıq zirvəsi daim qarla, ağ buludlarla örtülü olan bu dağ uzaqdan mavi səma fonunda, bir növ ümmana baş vurub üzən nəhəng gəmiyə bənzəyir. Burada e.ə. III-I minilliklərə aid qayaüstü rəsmlər, piktoqramlar var.
   Naxçıvan şəhərində İmamzadə məscid və məqbərə kompleksi (XII-XIII əsrlər), XIX əsrdə tikilmiş Cümə məscidi, Zəviyyə məscidi (XIX əsr), Pir-qəmiş məscidi, Yusif Hüseyn oğlunun türbəsi (1162), Möminə Xatun türbəsi (1186) və başqa ziyarətgahlar mövcuddur.
   Ordubaddakı Cümə məscidi orta əsrlərə aid memarlıq abidəsidir. Şəhərin mərkəzi meydanının ən hündür yerində ucalan məscid möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bundan başqa, XVIII əsrə aid məscidlər, o cümlədən Dilbər məscidi, XIX əsrə aid məscidlər mövcuddur.
   Culfa rayonu ərazisindəki Gülüstan kəndi yaxınlığında, kiçik yaşıl vadidə yerləşən Gülüstan məqbərəsi XIII əsrə aiddir. Dər kəndi yaxınlığındakı düzənlikdə üç kiçik məqbərənin xarabaları qalıb. Bu məqbərələrin birində mərkəzi mövqe tutmuş qülləli məqbərə (XV əsr) ciddi zədələnmiş halda olsa da, onu bərpa etmək mümkündür. Başqa abidələrdən Gülüstan türbəsi (XII əsr), Nəiminin məqbərəsini (XIV əsr) göstərmək olar.
   
   Nuh peyğəmbərin məzarı Naxçıvanı turistlərin diqqət mərkəzinə yönəldib
   
   Muxtar respublikada olan bütün dini obyektlər müxtəlif dini mərasim və bayramlarda dindarlar tərəfindən müqəddəs yerlər kimi ziyarət edilir. Azərbaycanın bölgələrindən və müxtəlif müsəlman ölkələrindən bu dini ocaqlara xeyli sayda zəvvar ziyarətə gəlir. Naxçıvan MR-in zəvvarlıq mərkəzi Əshabi-Kəhf hesab olunur. Hər gün bu dini kompleksə yüzlərlə zəvvar ziyarətə gəlir və Allah yolunda qurbanlar kəsilir. Ocaq və pirlər inanclı insanların təsəlli yerləri hesab edilir.
   Məlumata görə, Naxçıvan Muxtar Respublikasının dini obyektlərinə ziyarətə gələn turistlərin sayı ildən-ilə sürətlə artır. Eyni zamanda bu obyektlərə dövlət tərəfindən xüsusi diqqətin göstərilməsi həmin obyektlərdən turizm məqsədilə istifadə edilməsi üçün geniş imkanlar yaradır. Son dövrlər muxtar respublikada aparılan quruculuq işləri, infrastrukturun və kommunikasiya sistemlərinin yenidən qurulması bu imkanları daha da artırıb.
   Həmçinin Naxçıvan şəhərində Nuh peyğəmbərin məzarının tapılması və respublika rəhbərliyinin təşəbbüsü ilə onun qəbirüstü məqbərəsinin ucaldılması çox mühüm hadisə hesab oluna bilər. Bütün bunlar muxtar respublikada dini turizmin inkişaf etdirilməsinin perspektivli olmasını sübut edir.
   Sadalananları ümumiləşdirərək demək olar ki, Naxçıvan Muxtar Respublikasında dini turizmin təşkili və inkişaf etdirilməsi məqsədilə mövcud dini obyektləri əhatə edən xüsusi turizm marşrutunun tərtib edilməsi çox yaxşı olardı. Bu turizm marşrutu zəvvarlara bütün dini obyektlərlə daha yaxından tanış olmağa, bu sahəyə daha çox turist axınının cəlb edilməsinə imkan yaratmış olar. Eyni zamanda turizm marşrutunun fəaliyyət göstərməsi yeni iş yerlərinin açılmasına, işsizliyin qismən aradan qaldırılmasına səbəb olar ki, bu da regionların sosial-iqtisadi inkişafı ilə bağlı aparılan dövlət siyasətinin tərkib hissəsi kimi qəbul edilə bilər.
   
   Hafiz Hüseynov,
   Naxçıvan Dövlət Universiteti sosial idarəetmə və turizm
   kafedrasının müdiri, fəlsəfə elmləri namizədi, dosent