Özbəkistanın human.uz portalında Azərbaycan-özbək xalqları arasında elm və mədəniyyət sahələrində əlaqələrə dair məqalə dərc edilib.

Azərbaycanlı alim, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalovanın “Qədim və Orta əsrlərdə elm, mədəniyyət sahəsində Azərbaycan-Özbəkistan əlaqələri” sərlövhəli məqaləsində bu barədə ətraflı məlumat verilib.

Məqalədə iki ölkə arasında tarixən təşəkkül tapan ədəbi, elmi əlaqələr, memarlıq, musiqi və s. istiqamətlər üzrə əməkdaşlıq məsələlərinə diqqət yetirilib. Qeyd olunur ki, Əbu Məhəmməd əl-Buxarinin hədisləri müsəlman Şərqinin teoloqları tərəfindən öyrənilib. Həmin dövrdə Buxara və Səmərqənd İslam elminin mərkəzi sayıldığından müsəlman ölkələrindən, o cümlədən Azərbaycandan gələn teoloqların hazırlanması sahəsində müstəsna xidmətlər göstərib.

Vurğulanır ki, XI əsrin ortalarında Özbəkistan Şərqin elmi təfəkkürünün mühüm mərkəzlərindən biri olub. Azərbaycanın Şamaxı, Təbriz, Ərdəbil, Marağa, Gəncə, Naxçıvan, Özbəkistanın Buxara, Səmərqənd, Urgənç şəhərlərində “Müdriklər evi” fəaliyyət göstərib. Bu məkanlarda qədim yunan və hindlilərin elmi irsi öyrənilib, dəqiq və humanitar elmlər sahəsində iş aparılıb.

Məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanıb.