Azərbaycan mədəniyyət tarixinin əlamətdar günü olan 18 sentyabr – Milli Musiqi Günü Gürcüstanın paytaxtı Tbilisidə, Nəriman Nərimanovun Ev-Muzeyində qeyd olunub.

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə keçirilən tədbirdə musiqiçilər, ziyalılar iştirak ediblər.

Tədbir çərçivəsində ev-muzeyi həyətində, açıq havada Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin əsərlərindən bəhs edən sərgi açılıb. Bildirilib ki, pandemiya səbəbindən builki tədbir bir qədər fərqli formatda təşkil olunub. Muzeyin əməkdaşı Leyla Əliyeva çıxış edərək Azərbaycan musiqi tarixi, Gürcüstanda Azərbaycan musiqisinin tanıdılması istiqamətində görülən işlər və dahi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə məlumat verib.

Sonra tədbir konsert proqramı ilə davam edib.

Aşıq Nargilə Mehdiyeva, Rasim və Ramin Pirməmmədov qardaşları Azərbaycan xalq və bəstəkar mahnıları, Üzeyir Hacıbəylinin əsərlərindən parçalar səsləndiriblər.

Tbilisidə fəaliyyət göstərən “Ceyran” rəqs ansamblının xoreoqrafı Nairə Paşayeva, solist Niyaz Paşayev “Naz eləmə”, “Uzundərə”, “Sarı gəlin” və digər Azərbaycan xalq rəqslərini ifa ediblər.