Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə “İrsimiz məsuliyyətimizdir” adlı yeni layihə həyata keçirilir.

Sentyabrın 19-da layihənin ilk tədbiri Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində gerçəkləşib. Qəsəbədəki XIX əsrə aid tarixi tikili – hamam binası ətrafında təmizlik işləri aparılıb, səliqə-sahman yaradılıb. Yerli əhəmiyyətli memarlıq abidəsində mühafizə lövhəsi yenilənib.

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rüfət Mahmud, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və tərəfdaş qurumların əməkdaşları layihənin ilk tədbirində iştirak ediblər.

Mətbuata açıqlama verən Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov “İrsimiz məsuliyyətimizdir” layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, aksiyanın əsas məqsədi ölkəmizin qədim və zəngin mədəni irs nümunələrinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi, eyni zamanda ictimaiyyətin diqqətini bu məsələyə yönəltməkdir: “Abidələr bizim irsimiz, tarixi yaddaşımız, milli kimliyimizi göstərən bir mirasdır. Bu gün burada yerləşən tarixi tikili ətrafında təmizlik işləri aparıldı. Ümid edirik ki, təkcə dövlət qurumları yox, həm də vətəndaşlarımız, media nümayəndələri, sosial şəbəkələrdəki fəallar, qeyri-hökumət təşkilatları da bu prosesə qoşulacaqlar”.

Anar Kərimov diqqətə çatdırıb ki, “İrsimiz məsuliyyətimizdir” layihəsi ölkəmizin başqa guşələrində də davam etdiriləcək. Qeyd edib ki, hazırda respublika üzrə dövlət mühafizəsinə götürülmüş tarixi abidələrin sayı 6308-dir: “Aparılan monitorinqlər nəticəsində aşkar olunan abidələrin də müvafiq meyarlar üzrə bu siyahıya əlavə olunması nəzərdə tutulub. Bundan sonra prioritetləri müəyyən edərək abidələrdə bərpa və konservasiya işləri həyata keçiriləcək. Bu sahədə özəl sektorun iştirakını təmin etmək niyyətindəyik. Özəl sektorun iştirakını təmin etmək üçün müvafiq şəraitin yaradılması, bəzi güzəştlərin edilməsi istiqamətində də iş aparılır”.

Aksiyada iştirak edən Buzovna qəsəbəsinin sakinləri tarixi abidəyə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, hamam XIX əsrdə Məmmədrza Təhməzov tərəfindən tikilib və uzun müddət Buzovna qəsəbəsində yaşayan əhalinin istifadəsində olub.

Qeyd edək ki, layihə çərçivəsində davamlı olaraq bu cür aksiyaların keçirilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi mədəni irs nümunələrimizə cəmiyyətdə daha həssas münasibəti, onların qorunması, öyrənilməsi və tanıdılmasında iştirak etməyi hər bir vətəndaşın özünə mənəvi vəzifə olaraq qəbul etməsini aşılamaqdır.

Hazırda ölkəmizdə müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü hərəkatları təşəkkül tapıb. Digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də dövlət siyasətinin həyata keçirilməsində könüllülərin mühüm rolu var. Bu layihə də könüllülərin öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi, müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verdikləri nəzərə alınaraq, mədəni irsimizin qorunmasında onların  rolunu artırmaq məqsədilə reallaşır.

Fariz HÜSEYNLİ