Mən Prezident seçiləndən sonra demişdim, ilk bəyanatlardan biri idi ki, “qara qızıl”ı insan kapitalına çevirməliyik, insanlara xidmət etməliyik. Biz bu sahədə, ilk növbədə, insan amilini nəzərə almalıyıq. Çünki neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir və bunu edirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra televiziya jurnalistlərinə müsahibəsində deyib.

Prezident ölkəmizdə uzun illər davam edən neft hasilatının ciddi ekoloji problemlər də meydana gətirməsi barədə danışarkən diqqətə çatdırıb ki, vaxtilə Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim edilirdi və faktiki olaraq ekoloji fəlakət mövcud idi. Neftlə ən çox çirklənmiş ərazimiz Bibiheybət buxtası idi: “İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib. Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Yəni, Bibiheybət buxtası ekoloji fəlakət zonası idi və o görüntülər yəqin ki, bir çoxlarının xatirindədir. Digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi. İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə çevrilibdir və orada işlər artıq tamamlanmaq üzrədir. Mən özüm gedib baş çəkəcəyəm və baxıb görəcəyəm ki, mənim göstərişlərim necə yerinə yetirilir. Təkcə Balaxanı yox, bütün qəsəbələr. Mən demişəm, Bakının bütün qəsəbələri abadlaşdırılmalıdır, orada insanlar üçün daha yaxşı şərait yaradılmalıdır, insanları narahat edən bütün problemlər həll olunmalıdır və bu qəsəbələr estetik cəhətdən müasir səviyyəyə uyğun olmalıdır. Qəsəbələrdə bütün tarixi abidələr bərpa edilməlidir və biz bu qəsəbələrə yeni həyat verəcəyik. Balaxanı zibilxanasını yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və zəhər idi. Mən bu məsələ ilə məşğul olmağa başlayanda bəziləri deyirdilər ki, bunu söndürmək mümkün deyil. Çünki o, altdan yanır və orada qazlar əmələ gəlir, çox təhlükəli yerdir, yaxın düşmək olmaz. Bəziləri deyirdi ki, gəlin bunun üstündə sarkofaq tikək. Yəni, belə cəfəng təkliflər var idi. Amma biz bunun da yolunu tapdıq. Tamamilə təmizləndi. İndi orada gözəl park salınıb və zibilyandırma zavodu fəaliyyətə başlayıb. Onun yanında növbəti ekoloji fəlakət zonası – Böyükşor gölü də, onun bir hissəsi təmizləndi. O da ekoloji fəlakət idi, çünki açıq neft rezervuarı idi, eyni zamanda, bütün kanalizasiya suları da oraya axıdılırdı. Amma indi orada bulvar salınıbdır və o gölə quşlar qonur”.

Dövlət başçısı onilliklər boyu neftlə çirklənmiş Qara şəhərin yerində həyata keçirilən Ağ şəhər layihəsini də görülən işlərin nümunəsi adlandırıb: “İndi Qara şəhəri yadımıza salaq. Artıq o anlayış yoxdur, onun yerində Ağ şəhər var. Ağ şəhər şəhərsalma layihəsini biz icra edəndə orada təqribən ən azı iki metr torpaq layı çıxarıldı. O da bütün neft çöküntüləri idi, qudron idi, zəhər idi. Onun yanında “Azərneftyağ” neft emalı zavodu yerləşir. Artıq onun da fəaliyyəti başa çatmaq üzrədir. Çünki iki ildən sonra Heydər Əliyev neftayırma zavodunda yenidənqurma başa çatacaq, “Avro-5” benzin istehsal olunacaq. Beləliklə, havanı ən çox çirkləndirən nəqliyyat vasitələri də təmiz benzinlə təmin ediləcək və “Azərneftyağ” neft emalı zavodu söküləcək. Bütün o rezervuarlar, qurğular söküləcək, ora böyük park olacaq. Həmçinin yod-brom zavodu. Bəziləri bilmir, o da aeroport yolunda yerləşirdi, o da bir zəhər idi. Biz oranı da utilizasiya etdik, oradakı çöküntüləri poliqona daşıdıq. Yaxud da ki, Sumqayıt şəhərinin ekoloji vəziyyətinə baxın. Əvvəllər Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki, o üfunət iyi, o zəhər girməsin maşına. Amma bu gün Sumqayıt elə bil ki, kurort şəhəridir. Sənaye potensialı möhkəmləndirilməklə orada müasir təmizləyici qurğular quraşdırıldı, sənaye parkları yaradıldı. Sumqayıt Sovet İttifaqında bəlkə də ən çirklənmiş şəhər sayılırdı, bu gün ən təmiz şəhərlərdən biridir. Bütün bunları biz etmişik. Çünki bu, bizim xalqımızın həyatıdır, uşaqlarımızın, gələcək nəslin sağlamlıdır. Amma çar Rusiyası dövründə, sovet dövründə buna fikir verilirdimi? Xeyr. Ancaq plan, ancaq hasilat, ancaq istismar, neft ver, qaz ver. Bəs insanların həyatı, onların yaşayışı, onların sağlamlığı? Ona görə bizim üçün bu, ön plandadır”.

Prezident vurğulayıb ki, ekoloji layihələr hələ ki, bitməyib, hələ görüləsi işlər çoxdur: “Hazırda Abşeron yarımadasında neft gölməçələrinin təmizlənməsi işi gedir. Mən tapşırıq vermişəm ki, bütün neft mədənlərində təmizləmə işləri aparılsın, orada ağaclar əkilsin, - necə ki, burada, Bibiheybətdə. Biz ekoloji fəlakət zonalarını ekoloji cənnət zonalarına çevirməliyik, bunu edirik və edəcəyik”.